IKT

30 May

SpaceX 2025-ci ildə yeni rekorda doğru irəliləyir

Finss.az -  ABŞ milyarderi İlon Maskın rəhbərlik etdiyi SpaceX şirkəti 2025-ci ilin sonunadək 170 orbital buraxılış həyata keçirməyi planlaşdırır.

Bu barədə şirkətin raket buraxılışlarına cavabdeh şöbəsinin direktoru Enn Meyson jurnalistlərə verdiyi açıqlamada məlumat verib.

Meyson bildirib ki, bu rəqəm şirkətin 2024-cü ildə müəyyən etdiyi 134 orbital buraxılışlıq rekordunu üstələyəcək. Qeyd edək ki, həmin ilki buraxılışların təxminən üçdə ikisi SpaceX-in öz peyk internet şəbəkəsi olan Starlink layihəsinə yönəldilmişdi.

“Biz bu il ərzində 170 buraxılış həyata keçirməyi qarşıya məqsəd qoymuşuq. Hazırda bu istiqamətdə işlər planlı şəkildə davam edir,” — deyə Enn Meyson bildirib.

İstehsalat prosesi sürətlənir

SpaceX-in istehsalat gücü də artmaqdadır. Meysonun sözlərinə görə, şirkətin istehsalat xəttindən hər 2,5 gündən bir Falcon 9 raketinin ikinci mərhələsi çıxır. Şirkət ilk mərhələni isə təkrar istifadə edərək həm vaxta, həm də vəsaitə qənaət edir.

Gündəlik buraxılış tempi artmalıdır

2025-ci ilin ötən dövrü ərzində SpaceX artıq 64 orbital missiya həyata keçirib ki, bu da gündəlik təxminən 0,43 buraxılış deməkdir. Hədəfə çatmaq üçün şirkət ilin qalan hissəsində tempini bir qədər artırmalıdır.

Əlavə olaraq bildirilib ki, bu statistikaya yalnız orbital buraxılışlar daxildir. Starship nəqliyyat sisteminə dair test uçuşları isə nəzərə alınmayıb. Qeyd edək ki, Starship bu ilin ərzində artıq üç sınaq uçuşu həyata keçirib. Sonuncu sınaq mayın 28-nə keçən gecə baş tutub.