Finss.az - İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İdarə heyəti sədrinin müavini Ceyhun Hüseynzadə Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən beynəlxalq forumda iştirak edib.
Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) tərəfindən təşkil edilən Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Regional İnkişaf Forumunda (RDF) regionda rəqəmsal transformasiya və inkişafla bağlı trendlər, imkanlar və çağırışlar müzakirə olunub.
Ceyhun Hüseynzadə “Rəqəmsal transformasiyanı sürətləndirmək üçün əlverişli hüquqi və tənzimləyici mühitin yaradılması” panelində və “Rabitə infrastrukturu və rəqəmsal inkişafın sürətləndirilməsi məqsədilə tərəfdaşlığın genişləndirilməsinin təşviqi” mövzusunda keçirilən dəyirmi masada iştirak edib. Çıxış edən İKTA rəsmisi Azərbaycanın bu istiqamətdəki təcrübəsini paylaşıb.
C.Hüseynzadə forum çərçivəsində keçirilən “MDB regionu üzrə Beynəlxalq Telekommunikasiya İttifaqının regional təşəbbüsləri” adlı dəyirmi masada da iştirak edib. Tədbirdə yeni texnologiyaların tətbiqində innovasiyaların və tərəfdaşlığın təşviqi məqsədilə infrastrukturun inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Tədbirdə əşyaların interneti, sənaye interneti, “ağıllı” şəhərlər və icmalar, 5-ci nəsil mobil şəbəkə (5G), gələcəyin interneti və şəbəkə texnologiyaları (NET-2030), rabitə şəbəkələri, kvant texnologiyaları, süni intellekt, rəqəmsal səhiyyə, rəqəmsal bacarıqlar və ətraf mühitin mühafizəsi kimi sahələr üzrə fikir mübadiləsi aparılıb.
İKTA rəsmisi həmçinin MDB regionu üzrə Regional Hazırlıq Toplantısında (RPM-CIS) iştirak edib.
Toplantıda 2025-ci ilin noyabrında Bakıda baş tutacaq Ümumdünya Telekommunikasiya İnkişaf Konfransına (WTDC-25) hazırlıq məsələləri, eləcə də telekommunikasiya və İKT sahəsində regional prioritetlərin müəyyənləşdirilməsi, üzv dövlətlərin və sektor üzvlərinin ehtiyaclarının qiymətləndirilməsi, həmçinin gələcək fəaliyyət planlarının müzakirəsi həyata keçirilib.


Zemfira Ms
Finss.az