IKT

30 Aprel

Apple cihazlarında təhlükəli boşluq

Finss.az - On milyonlarla cihaz Apple şirkətinin texnologiyasında aşkar olunan ciddi təhlükəsizlik boşluğu səbəbilə haker hücumlarına məruz qala bilər.

Təhlükəsizlik sahəsində fəaliyyət göstərən Oligo şirkətinin mütəxəssisləri tərəfindən SDK (Software Development Kit – Proqram təminatı hazırlama dəsti) paketində aşkar edilən boşluq, AirPlay texnologiyası ilə bağlıdır. Bu texnologiya Apple tərəfindən təqdim olunmuş, Wi-Fi üzərindən audio və video siqnalların digər cihazlara ötürülməsini təmin edən bir protokoldur.

AirPlay yalnız Apple cihazlarında deyil, eyni zamanda milyonlarla digər brendin televizorları, ağıllı dinamikləri və digər qurğularında da istifadə olunur. Mütəxəssislər bu boşluğu AirBorne adlandırıb və bildiriblər ki, hakerlərin bu zəiflikdən istifadə edə bilməsi üçün qurbanla eyni Wi-Fi şəbəkəsinə qoşulması kifayətdir.

Oligo şirkətinin rəhbəri Gal Elbazın sözlərinə görə, ən pis ssenaridə hakerlər mikrofonlar vasitəsilə istifadəçiləri gizli şəkildə dinləyə bilərlər.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, AirPlay-i dəstəkləyən cihazların sayının çoxluğu vəziyyəti daha da ağırlaşdırır. Təhlükəsizlik yeniləmələrinin bütün cihazlara yayılması illərlə vaxt apara bilər.

Bundan əlavə, Apple-ın avtomobil texnologiyası olan CarPlay də bu boşluqdan təsirlənə bilər. Lakin bu sahədə riskin daha minimal olduğu qeyd olunur.