IKT

11 Mart

Çin dünyanın ilk tam avtonom süni intellekt agentini təqdim edib

Finss.az - Çin mühəndisləri insan iştirakı olmadan sərbəst qərarlar qəbul edən və çətin tapşırıqları yerinə yetirən dünyanın ilk süni intellekt agenti “Manus”u təqdim ediblər.

“South China Morning Post” nəşri xəbər verir ki, çat-botlardan fərqli olaraq, “Manus” idarəçi kimi fəaliyyət göstərərək ixtisaslaşmış köməkçilərin işini əlaqələndirir. Bu texnologiya kadr seçimi və veb-saytların hazırlanmasını avtomatlaşdıraraq əmək bazarına ciddi təsir edə bilər. “Manus”, həmçinin süni intellektin tənzimlənməsi və məsuliyyət məsələlərini də gündəliyə gətirir.

“ChatGPT”, “Gemini” və “Grok” kimi çat-botlar istifadəçi göstərişini gözlədiyi halda, “Manus” özü müstəqil şəkildə qərarlar qəbul edir. Məsələn, “Mənə mənzil tap” deyilsə, o, cinayət səviyyəsi, ekoloji şərait və qiymətlər kimi faktorları nəzərə alaraq uyğun variantlar təklif edəcək.

Sistem fon rejimində işləyərək mürəkkəb tapşırıqları müstəqil şəkildə yerinə yetirir və yalnız nəticələr hazır olduqda məlumat verir. “Manus” işə qəbul proseslərini dəyişdirə, tərcümeyi-halları analiz edərək bazar tendensiyalarına uyğun ideal namizədləri müəyyənləşdirə bilər. Eyni zamanda, sosial şəbəkələrdən məlumat toplayıb yerləşdirərək və texniki problemləri həll edərək sıfırdan veb-saytlar yarada bilər.

Bu sistem Çinin süni intellekt sahəsində mühüm nailiyyəti sayılan “DeepSeek”in təqdimatından bir il sonra meydana çıxıb.

Tam avtonom işləmə qabiliyyətinə malik olması kütləvi ixtisar riskini artırır və yeni tənzimləmə problemləri yaradır. Əsas sual isə budur: “Süni intellektin fəaliyyətinə görə məsuliyyəti kim daşıyacaq?” Mövcud qanunvericilik bu kimi texnologiyalar üçün hələ tam hazır deyil.

Zemfira Ms
Finss.az