İdman

17 İyul

Mbappe araşdırma altında

Finss.az - "Real Madrid"in və Fransa millisinin hücumçusu Kilian Mbappe 2023-cü ildə Fransa Respublika Təhlükəsizlik Qüvvələrinin (CRS) əməkdaşlarına külli miqdarda pul köçürməsi səbəbilə Fransa polisinin daxili nəzarət orqanı tərəfindən inzibati araşdırmaya cəlb olunub.

Bu barədə “RMC Sport” məlumat yayıb. Məlumata görə, Mbappe Fransa millisinin təhlükəsizliyini təmin edən beş nəfər CRS əməkdaşına ümumilikdə 180 300 avro məbləğində ödəniş edib. Onlardan dördü 30000 avro, qrup rəhbəri isə 60300 avro alıb. Məbləğlər Mbappenin bank hesabından 2023-cü ilin iyun ayında köçürülüb.

İddialara görə, bu vəsaitlər polis əməkdaşlarına qeyri-rəsmi təhlükəsizlik xidməti üçün ödənilib. Xüsusilə komandirin futbolçunun şəxsi səfərlərində — Kamerun və Vaucluse bölgələrinə — onu müşayiət etməsi hüquq-mühafizə orqanlarında şübhə doğurub. Bu, dövlət vəzifələrinin şəxsi məqsədlərlə istifadəsi və etik qaydaların pozulması ehtimalını gündəmə gətirib.

Mbappe tərəfi isə vəziyyətlə bağlı istənilən suallara cavab verməyə hazır olduğunu açıqlayıb.