İdman

24 İyun

"İmişli" klubunun yeni baş məşqçisi müəyyənləşdi

Finss.az - Yeni mövsümdən Misli Premyer Liqasında çıxış edəcək "İmişli" futbol klubunun yeni baş məşqçisi açıqlanıb.

Klubun sosial şəbəkə hesabında verilən məlumata görə, Portuqaliyalı mütəxəssis Xorxe Kaskilya komandaya rəhbərlik edəcək.

56 yaşlı baş məşqçi ilə 1 illik müqavilə imzalanıb. Onun köməkçiləri kimi Kristiano Duraes və Quilherme Kadete təyin olunub. Qapıçılar üzrə məşqçi postunda Elşad Tahirov, fiziki hazırlıq üzrə məşqçi vəzifəsində isə Ulian Qoqa fəaliyyət göstərəcək.

Xorxe Kaskilya futbolçu karyerasından sonra əsasən Portuqaliyada aşağı liqa komandalarında çalışıb. Onun son iş yeri Çexiyanın 3-cü liqa təmsilçisi "Znojmo" FK olub. 2024-cü ilin sentyabrında bu komandaya baş məşqçi təyin edilən Kaskilya 2025-ci ilin martında, 9 oyundan sonra istefaya göndərilib.

Transfermark statistikasına əsasən, Kaskilya ən uzun müddət – 2009-2013-cü illərdə – "Moreyrense" klubunda çalışıb. Bundan sonra o, işlədiyi digər klublarda maksimum 21 oyunda baş məşqçi kimi fəaliyyət göstərib.

"İmişli" klubunun yeni baş məşqçisinin komandaya uğurlar arzulayırıq.