İDMAN

28 Noyabr

Zubir Fransanın tanınmış nəşrinə "Qarabağ"dan danışdı

Fins.az - "Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir, Fransa mətbuatına verdiyi açıqlamada Azərbaycanın futbol mühiti və Bakının gözəlliyi haqqında danışıb.

O, "L'Equipe" nəşrinə verdiyi müsahibədə Azərbaycanın futbolsevər xalqını və Bakıda yaşama şəraitini çox bəyəndiyini bildirib.

Zubir, Azərbaycanın futbolu sevən insanlarla dolu olduğunu və şəhərdə gəzərkən bir çox insanın onu saxlayaraq təəssüratlarını bölüşdüyünü qeyd edib. "Küçədə gedəndə çox adam məni saxlayır. Burada hər hansı gərginliyə, yersiz sözlərə bir dəfə də olsun rast gəlməmişəm," deyə futbolçu bildirib.

Bakının gözəlliyindən də danışan Zubir, sahilə yaxın ərazidə yaşadığını və bu ərazinin Fransadakı kimi restoranlarla dolu olduğunu vurğulayıb. O, burada həyatın gözəl olduğunu, insanların sülh şəraitində yaşadığını və təhlükəsizlik baxımından hər şeyin çox yaxşı olduğunu qeyd edib.

"Qarabağ" komandası haqqında da fikirlərini bölüşən Zubir, klubun iddialı olduğunu və son 11 ildir Avropa kuboklarında iştirak etməsinin özünü həyəcanlandırdığını söyləyib. O, "Bu, məni çox həyəcanlandırır. Avroliqanın oyunlarında dördüncü günün axşamları ən gözəl oyunlar olur. Mən artıq 'Arsenal', 'Bayer', 'Tottenhem', 'Vilyarreal' kimi komandalarla oynamışam. Amma hələ heç vaxt Çempionlar Liqasının iştirakçısı olmamışam. İki dəfə 'pley-off' mərhələsində mübarizəni dayandırmışıq. Mən bu anları 'Qarabağ'la yaşamaq istəyirəm," deyə əlavə edib.