İDMAN

15 Oktyabr

Qrupda sonuncu olmaq təhlükəsi:Slovakiyalı futbolçular nə düşünür?

Azərbaycan milli komandası Millətlər Liqasının IV turu çərçivəsində Bakıda Slovakiya komandasına 1:3 hesabı ilə məğlub olub.

Fins.az xəbər verir ki, bu, komandanın ardıcıl dördüncü məğlubiyyəti olduğuna görə yığma turnir cədvəlində sonuncu pilləyə düşüb.

Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov matçdan sonra komandanın taktikasını şərh edərək, Slovakiyanın həm oyunun, həm də qrupun favoriti olduğunu vurğulayıb. Əsədov, ilk hissədə komandanın psixoloji vəziyyətinin zəif olduğunu və bu səbəbdən erkən qol buraxıldığını bildirib. Ancaq komandanın toparlanaraq hesabı bərabərləşdirdiyini qeyd edib.

O, ikinci hissədə Mahir Emrelinin qırmızı vərəqə almasının matçın dönüş nöqtəsi olduğunu bildirib: “Mahir fiziki olaraq yorulmuşdu və onu daha erkən dəyişmək lazım idi. Bu qərar verilsəydi, bəlkə də qırmızı vərəqə olmayacaqdı. 10 nəfərlə Slovakiya kimi güclü rəqibə qarşı mübarizə aparmaq çətin idi.”

Əsədov əlavə edib ki, millimiz qrupda sonuncu olmamaq üçün son oyunlarda maksimum xal toplamalıdır və hazırlaşmalıdır ki, D Liqasına düşməsin.

Slovakiya millisinin oyunçuları matçdan sonra qələbə ilə bağlı öz fikirlərini bölüşüblər. David Duriş, Azərbaycanla oyunda qol vurduğu üçün sevincli olduğunu və komanda yoldaşı Luba Tuptaya ötürməsi üçün təşəkkür etdiyini bildirib.

Təcrübəli yarımmüdafiəçi Ondrej Duda isə Azərbaycanla oyunun çətin keçdiyini vurğulayıb və qələbə qazanmaqdan məmnun olduğunu deyib. O, oyunda bəzi səhvlər etdiklərini, lakin nəticədə qalib gəldiklərini əlavə edib.

Lukas Haraslin də Azərbaycan millisini ciddi təhlükə yaradan rəqib kimi dəyərləndirib və oyunun sonunda üstünlüyü əllərində saxladıqlarını deyib.

Azərbaycan millisi üçün növbəti oyun noyabrın 16-da Estoniyaya qarşı keçiriləcək. 
 

Zemfira Ms
Fins.az