Fins.az xəbər verir ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da Azərbaycan milli komandası Millətlər Liqasının IV turunda Slovakiya ilə qarşılaşacaq.
Baş məşqçi Fernando Santosun yetirmələri, ilk üç oyundakı uğursuzluq seriyasını qırmağa çalışacaq.
Komandamız tarixində 303-cü matçına çıxacaq. İlk oyununu 1992-ci il sentyabrın 17-də Gürcüstan yığmasına qarşı keçirən millimiz indiyədək 302 görüşə çıxıb. Bu müddət ərzində 61 qələbə, 78 heç-heçə və 163 məğlubiyyət qeydə alınıb. 302 oyunda 234 qol vuran yığmamız 502 top buraxıb.
Fernando Santosun baş məşqçi postundakı 4-cü sınağı olacaq matçda, Azərbaycan yığması son üç oyunda 2 qol vurub, 8 top buraxıb.
Slovakiya yığmasının baş məşqçisi Françesko Kaltsona, Azərbaycan komandasını texnikalı futbolçulardan ibarət olduğunu vurğulayıb: “Rəqib evdə çox təhlükəlidir. Turnir cədvəli onlara yaxşı nəticə qazanmaq istəyində olduğunu göstərir.”
Slovakiya ilə qarşılaşma, yığmamızın növbəti matçına hazırlıq baxımından da önəmlidir. Millimiz növbəti oyununu noyabrın 16-da Estoniyaya qarşı keçirəcək.
Zemfira Ms
Fins.az