Estoniya millisinin sabiq müdafiəçisi, vaxtilə Bakının “Neftçi”, “İnter” və “Rəvan” komandalarında çıxış etmiş 40 yaşlı futbolçu Dmitri Kruqlov, bu gün keçiriləcək Estoniya - Azərbaycan matçı ilə bağlı fikirlərini bölüşüb.
Fins.az xəbər verir ki, Kruqlov, qonaqların favorit olduğunu düşündüyünü qeyd edərək, "Biz baş məşqçini və oyunun quruluşunu dəyişmişik, ona görə də komandamızın ötən illə müqayisədə necə dəyişdiyini görmək maraqlı olacaq",- deyib.
O, Azərbaycanda keçirdiyi vaxtları da xatırlayaraq, “Azərbaycanla bağlı ən yaxşı və ən isti xatirələrim var, yaxşı insanlarla tanış olmuşam, yaxşı futbolçularla oynamışam və yaxşı məşqçilərlə çalışmışam”, - ifadələrini işlədib.
Eyni zamanda, Estoniyalı jurnalist Raul Ojassaar da matçla bağlı fikirlərini açıqlayıb. O, “Azərbaycanla qarşıdakı iki qarşılaşma, xüsusən də ev oyunu bu mövsüm UEFA Millətlər Liqasında Estoniya üçün ən vacib iki oyundur”, - deyərək, Estoniyanın daha yaxşı nəticə qazanacağına inandığını vurğulayıb.
Matç, bu gün Bakı vaxtilə saat 20:00-da Tallində başlayacaq.
Zemfira Ms
Fins.az