İDMAN

17 Fevral

Cüdo məşqçilərinə sertifikatlar təqdim olunub

Fevralın 17-də Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyasının məşqçi proqramında iştirak edən məşqçilərə sertifikatlar təqdim olunub.

Fins.az xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, vitse-prezident Zemfira Meftahətdinova, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli və BCF Akademiyasının direktoru Envik Qalea məşqçilərə Beynəlxalq Olimpiya Komitəsinin iştirakçı sertifikatlarını təqdim ediblər.

Daha sonra ACF-in vitse-prezidenti Elnur Məmmədli tərəfindən proqramın həyata keçirilməsində göstərilən dəstəyə görə, Milli Olimpiya Komitəsinə, BCF-in Akademiyasına və “Judo Club 2012”yə təşəkkür plaketi təqdim olunub.

Azərbaycan Cüdo Federasiyasının BCF-in Akademiyası ilə 2022-ci ilin martından başlayan əməkdaşlığı nəticəsində qeyd edilən proqrama 80-dən artıq cüdo məşqçisi cəlb edilib. Nəzəri imtahanları uğurla başa vuran məşqçilər əyani surətdə imtahan verərək müvafiq sertifikatı əldə etmək imkanı qazanıblar.

Seminar və imtahan BCF Akademiyasının direktoru Envik Qalea, Akademiyanın proqram rəhbəri Tibor Kozsla, Akademiyanın idman direktoru Daniel Laskau və digər ekspertlər (ümumilikdə 10 ekspert) tərəfindən keçirilir.

Qeyd edək ki, proqram Azərbaycan Milli Olimpiya Komitəsinin, Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı, Beynəlxalq Olimpiya Komitəsi Olimpiya Həmrəyliyi Fondunun maliyyə və Beynəlxalq Cüdo Federasiyasının texniki dəstəyi ilə təşkil olunur.