İDMAN

03 Oktyabr

Azərbaycanın 4 boksçusu Avropa çempionatında finala yüksəlib

İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyində yarımfinal mərhələsinə yekun vurulub.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, millinin 4 üzvü qələbə qazanaraq finalda iştirak hüququ qazanıb.

Məhəmmədəli Aşurəliyev Armandas Kreqzden (Litva) və Artur Avetikyanın (Ermənistan) ardınca gürcüstanlı Levan Demurovi ilə qarşılaşıb. 54 kq çəki dərəcəsində mübarizə aparan boksçu bu dueldən də qalib ayrılıb. O, 4:1 (29:28, 30:27, 30:26, 29:28, 28:29) hesabı ilə qələbə qazanaraq finala vəsiqə əldə edib. Aşurəliyev həlledici döyüşdə ingiltərəli Adam Maca ilə üz-üzə gələcək.

Yığma üzvü Məhəmmədəli Qasımzadə (57 kq) də finala yüksəlib. Nik Smirnov (Almaniya) və Kallum Karrageri (İrlandiya) mübarizədən kənarlaşdıran boksçu yarımfinalda latviyalı Nikolayes Zamyatinsi də məğlub edib – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). O, finalda bolqarıstanlı Viktorio İliyevlə döyüşəcək.

Qızlardan ibarət milli də həlledici görüşlərdə 2 idmançı ilə təmsil olunacaq. 48 kq çəki dərəcəsində mübarizə aparan Nərmin Əlizadə çempionluq görüşünə vəsiqə əldə edib. Mahur Marikyana (Ermənistan) qalib gələn idmançı yarımfinalda polşalı Silva Formeladan da güclü olub. O, 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28) hesablı qələbəyə sevinib. Əlizadə finalda ingiltərəli Rubi Vaytla qüvvəsini sınayacaq.

Emili Rzayeva (70 kq) Olqa Filipçuk (Ukrayna) səddini keçdikdən sonra Gül Yılmazla (Türkiyə) üz-üzə gəlib. İdmançı yarımfinal görüşünü 5:0 (30:27, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə aktivinə yazıb. O, finalda polşalı Yoanna Araszevskanı sınağa çəkəcək.

Digər boksçu Aynur Mikayılova (50 kq) isə bürünc medalla kifayətlənib. Byanka Balintin (Almaniya) və Lamprini Giannakopoulounu (Yunanıstan) məğlub edən idmançı finala gedən yolda ingiltərəli Katerin Pumfriyə uduzub.

Bu, oğlan və qız boksçuların çempionatının birgə keçirilməyə başladığı 2018-ci ildən sonra yığmanın rekordudur. Bu müddətdə heç vaxt 4 idmançımız finala yüksəlməyib. Millinin Avropa birinciliyini 5 medalla bitirəcəyinin rəsmiləşməsi də bu müddət üçün rekord göstəricidir. Həmçinin 2 qız boksçunun finala yüksəlməsi tarixdə ilk dəfə qeydə alınıb.

Qeyd edək ki, 33 ölkədən 378 (250 oğlan, 128 qız) idmançının mübarizə apardığı yarışda final döyüşləri oktyabrın 4-də olacaq.