İDMAN

14 Avqust

Bakıda paracüdo üzrə Qran-pri keçiriləcək

2020-ci ilin noyabrında Bakıda paracüdo üzrə Qran-pri təşkil olunacaq.

Bu barədə  Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov məlumat verib.

O bildirib ki, mayda təxirə salınan turniri Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası Bakıya həvalə edib: "Turnir noyabrın 13-də başlayacaq və 20-dək davam edəcək. Hazırda idman şöbəmiz bu istiqamətdə digər ölkələrlə danışıq aparır. Yarış baş tutsa, hamının Bakıya COVID-19 arayışı ilə gəlməsini tələb edəcəyik. Həmin sənədləri Azərbaycana uçuşdan 48 saat əvvəl əldə etməlidirlər".

İ.Rəhimovun sözlərinə görə, Qran-pridə 200-dən çox idmançının iştirakı gözlənilir: "Bu günədək artıq 20 ölkə həmin yarışda iştirakla bağlı öz sifarişini verib. Minimum 200-250 iştirakçı olacaq. Düzdür, bu, reytinq yarışı deyil. Qran-prinin əsas xüsusiyyəti ondan ibarətdir ki, yarışdan öncə göz təsnifatı keçiriləcək. Bakıya göz xəstəlikləri üzrə 4 və ya 6 ekspert gələcək. Zərifə Əliyeva adına göz klinikasında bütün idmançıların göz təsnifatından keçirilməsi üçün şərait yaradacağıq. Həmin mütəxəssislər idmançıların yarışa uyğun gəlib-gəlmədiyini yoxlayacaqlar. Yarışdan sonra isə bir neçə günlük beynəlxalq təlim-məşq toplanışı nəzərdə tutulub. Beləliklə, tədbir 7-8 gün davam edəcək".

Qurum rəhbəri komitənin təşkilati məsələlər baxımından yarışa tam hazır olduğunu vurğulayıb: "Əcnəbi idmançılar bugünkü qaydalara əsasən, xüsusi arayışla gəlirlərsə, yarışda iştirak edə biləcəklər. Bu qayda o vaxtadək qüvvədə qalsa, biz təşkilatçı ölkə olaraq həmin iştirakçıları ölkələrinə uçuşdan 48 saat əvvəl testdən keçirməliyik. Onlar aeroporta daxil olanda həmin sənədləri göstərməlidirlər ki, Bakıda da analiz verib öz ölkələrinə qayıdırlar. Bu xərclər bizə aid olacaq. Xərcə düşməyə razıyıq. Əsas odur ki, yarış olsun. İdmançıların hamısı yarışlar üçün darıxıblar".