"Liverpul"un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının başa çatdırılması variantına münasibət bildirib.
Fins.az-ın məlumatına görə, almaniyalı mütəxəssis komandalara medalların verilməməsi ehtimalını özlərinə qarşı haqsızlıq hesab edib.
Klopp çempionluğa layiq olduqlarını deyib: "Mövsümü sıfırlamaq istədikləri barədə danışıldı. Mövsümün 76 faizini qazanmışıq, indi siz bunu ləğv etmək istəyirsiniz? Bunu haqsızlıq hesab edərəm. Biz həm ev, həm də səfər oyunlarına görə liderik. Çempionluğu qazanmalı olduğumuz mövsümdür. Hazırkı böhranla mübarizə ən vacibidir. Düşünürəm ki, həyatda çempion olmamaqdan daha pis şeylər var. İnsanlar ciddi problemlər yaşayır, ölür. Hərtərəfli hazırlıqlı ola bilmərik, amma hazırkı şəraitə uyğunlaşmaq lazımdır".
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən XXIX turdan sonra dayandırılan İngiltərə Premyer Liqasında "Liverpul" hazırda 82 xalla liderdir.