İDMAN

27 Aprel

Bu ölkə AÇ-2020-nin ev sahibliyindən imtina edə bilər

Danimarka Futbol İttifaqının (DBU) prezidenti Yesper Möller Kopenhagenin 2021-ci ildə keçiriləcək AVRO-2021-in oyunlarına təşkilatçılıq edə biləcəyinə əmin deyil.

Fins.az xəbər verir ki, Möller “Sky Sports”a açıqlamasında belə bir ehtimalın yarıbayarı olduğunu bildirib.

O deyib: “Məni hələ də narahat edir ki, görəsən, Kopenhagendə oyunları keçirə biləcəyikmi? Fikrimcə, ehtimal 50/50-dir. Bütün tərəflər pozitivə kökləniblər və irəli getmək istəyirlər. Lakin bəzi problemlər var ki, onları həll etmək lazımdır. Məhz bundan sonra oyunların Kopenhagendə keçirilə biləcəyinə dair əminliyimiz yaranacaq”.

Koronavirus pandemiyası ilə əlaqədar 2021-ci ilə keçirilmiş yarış, UEFA-nın qərarına əsasən, AVRO-2020 adını olduğu kimi saxlayacaq. Kopenhagen 12 təşkilatçı şəhərdən biridir. Danimarka paytaxtında B qrupunun 3, 1/8 final mərhələsinin isə 1 oyunu keçirilməlidir. Təşkilatçı şəhərlər aprelin 30-dək UEFA-ya təminat məktubu göndərməlidirlər. Digər tərəfdən, gələn il iyulun əvvəllərində Danimarkada “Tur de Frans” velosiped yürüşünün 3 mərhələsi olacaq.

Qeyd edək ki, artıq AFFA AVRO-2020-nin 4 oyununun 2021-ci ildə Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı rəsmi razılığını UEFA-ya bildirib. Məsələ ilə əlaqədar əlavə müvafiq hüquqi sənədlər də Avropa futbol qurumuna göndəriləcək. AVRO-2020-nin Bakıda təşkil olunacaq A qrupunun oyunlarında Türkiyə, İsveçrə və Uels milli komandaları mübarizə aparacaq. Eyni zamanda 1/4 final mərhələsinin 1 qarşılaşması Azərbaycan paytaxtında keçiriləcək. Report