"Barselona" klubu "Nou Kamp" stadionunun adının dəyişdirilməsinə qərar verib.
Fins.az-ın məlumatına görə, Kataloniya klubu arenaya yeni ad sponsoru axtarışına çıxıb.
Rəsmi saytdan yayılan xəbərdə bildirilir ki, koronavirus pandemiyasının ölkədə yaratdığı problemi aradan qaldırmaq üçün İdarə Heyəti bir mövsümlük stadionun ad haqqının satılmasını qərara alıb. Yeni sponsorluq məsələsi "Barsa vəqfi"nə həvalə edilib.
Buradan əldə ediləcək gəlir koronavirusla mübarizə və araşdırma çalışmalarına xərclənəcək: "Dünya müasir dönəmin ən böyük sağlamlıq, sosial və iqtisadi böhranından keçir. "Barselona" klubu da qeyri-müəyyənliyin hökm sürdüyü bu dövrdə insanların ehtiyaclarını qarşılamaq üçün fövqəladə bir qərar qəbul edib".
Qeyd edək ki, yeni sponsor tapılarsa, "Nou Kamp"ın adı tarixində ilk dəfə dəyişdiriləcək.