İDMAN

18 Mart

PFL: Çempionatın bərpası ilə bağlı baş məşqçilərlə görüş keçiriləcək

Azərbaycan I Divizionu və Premyer Liqasının oyunları aprelin 14-dək qədər bərpa olunmayacaq.

Fins.az-ın məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının (PFL) açıqlamasında bildirilib.

Qeyd olunub ki, Nazirlər Kabineti Yanında Operativ Qərargahın göstərişinə əsasən, matçlar sözügedən tarixə qədər oynanılmayacaq: "Əgər 14 aprel tarixində tətbiq olunan məhdudiyyətlər aradan qaldırılsa, PFL olaraq klubların baş məşqçiləri ilə görüş keçirib ümumi vəziyyəti müzakirə edəcəyik və daha sonra yarışların bərpa tarixini ictimaiyyətə açıqlayacağıq". 

Qeyd edək ki, UEFA dünən keçirdiyi videokonfransdan sonra vəziyyətə uyğun olaraq yerli liqaların 30 iyuna qədər yekunlaşdırılmasını bildirib. PFL hesab edir ki, bu tarix Azərbaycan Premyer Liqası və I Divizionunun bərpası və başa çatdırılması üçün uyğundur.

Xatırladaq ki, daha əvvəl Azərbaycan Premyer Liqasının 4, I Divizionun isə 3 turunun təxirə salınacağı açıqlanıb.