İDMAN

11 Mart

Çempionlar Liqası: "Liverpul" "Atletiko"nu, PSJ "Borussiya"nı qəbul edəcək - AFİŞA

Bu gecə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu keçiriləcək.

Fins.az-ın məlumatına görə, turnirin son qalibi İngiltərə "Liverpul"u doğma meydanda İspaniya "Atletiko"sunu qəbul edəcək. Komandalar arasında İspaniyadakı ilk matçda Madrid təmsilçisi qələbə qazanıb - 1:0.

Mersisaydlılar eyni hesabla qələbə qazansalar, əlavə vaxt oynanılacaq. Meydan sahibləri 1/4 finala yüksəlmək üçün iki və daha artıq top fərqi ilə qələbə qazanmalıdır. "Atletiko"ya isə növbəti mərhələ üçün heç-heçə də kifayətdir. 

"Liverpul"un qapıçısı Alisson Bekker zədəli olduğu üçün oyunu buraxacaq. Yarımmüdafiəçi Cerdan Şakiri də eyni səbəbdən komandasına kömək edə bilməyəcək. Müdafiəçi Endi Robertson və yarımmüdafiəçi Cordan Hendersonun matçda iştirakı sual altındadır. Madrid klubunda ciddi itki yoxdur, sadəcə, Toma Lemarın durumu oyun vaxtı bəlli olacaq.

Günün digər qarşılaşmasında PSJ Fransada Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə üz-üzə gələcək. Paris klubu ilk görüşdə rəqibinə 1:2 hesabı ilə uduzub. PSJ-yə ev oyununda minimal hesablı qələbə də kifayət edir. 

Meydan sahibləri oyunu ciddi itkilərlə çıxacaq. Müdafiəçi Tomas Mönyö, yarımmüdafiəçilər Marko Verratti və Ander Erreranın zədəyə görə oyunda iştirak etməyəcəyi dəqiqdir. Müdafiəçilər Tyaqo Silva ilə Kolen Daqbanın durumu bilinmir, Dortmund təmsilçisində Marko Roys və Tomas Dileyni zədəlidir.

Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

00:00. "Liverpul" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya)

Baş hakim: Danni Makkeli (Niderland)

"Enfild" stadionu

İlk oyun - 0:1

00:00. PSJ (Fransa) - "Borussiya" (Almaniya, Dortmund)

Baş hakim: Entoni Teylor (İngiltərə)

"Park de Prens" stadionu

İlk oyun - 1:2.

Qeyd edək ki, daha öncə İtaliyanın "Atalanta" və Almaniyanın "Leyptsiq" komandaları 1/4 finala yüksəlib