İDMAN

06 Mart

Bu futbolçu hakimə görə sərt cəza aldı

Fransanın "Monako" klubunun futbolçusu Jelson Martinş cəzalandırılıb.

Fins.az xəbər verir ki, bu barədə Liqa 1-in rəsmi saytı məlumat yayıb.

Portuqaliyalı yarımmüdafiəçi yerli çempionatın XXII turunun "Nim"lə oyununda (1:3) baş hakim Mikael Lesajı itələdiyi üçün 6 aylıq diskvalifikasiya olunub.

Hadisə matçın 32-ci dəqiqəsində baş verib. Referi "Monako"nun yarımmüdafiəçisi Temue Bakayokoya qırmızı vərəqə göstərdiyi üçün J.Martinş ona etirazını bildirib. Daha sonra isə hakimi itələyib. Nəticədə M.Lesaj 25 yaşlı oyunçuya da qırmızı vərəqə göstərib. Futbolçunun diskvalifikasiya müddəti fevralın 6-dən hesablanacaq.

Qeyd edək ki, J.Martinş 2019-cu ilin yanvarından "Monako"da çıxış edir. Komandanın heyətində 23 oyun keçirən yarımmüdafiəçi 4 qol vurub, 1 məhsuldar ötürmə edib.