Beynəlxalq Şahmat Federasiyası (FIDE) fevral ayı üçün reytinq siyahısını açıqlayıb.
Fins.az xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın iki təmsilçisi yer alıb.
Dünya Kubokunun qalibi Teymur Rəcəbov 1 pillə irəliləyib. O, 2 765 xalla 9-cu sıraya yüksəlib.
Şəhriyar Məmmədyarovun da mövqeyində dəyişiklik olub. 2 764 xala malik Məmmədyarov ötən siyahı ilə müqayisədə 2 pillə geriləyərək 10-cu sırada qərarlaşıb.
Qədir Hüseynov (2665) 72-ci, Nicat Abbasov (2670) 74-cü pillədə yer alıb.
Rauf Məmmədov isə yenidən "100-lüy"ə qayıdıb. Məmmədov 2 654 xalla 91-ci sıraya yüksəlib.
Siyahıya yenə norveçli dünya çempionu Maqnus Karlsen 2 862 xalla başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana 2 842 xalla 2-ci, çinli Dinq Liren 2 805 xalla 3-cüdür.
Qadınlardan Günay Məmmədzadə 3 pillə geriləyib və 2 443 xalla 28-ci pillədə qərarlaşıb. 2 386 xala malik Gülnar Məmmədova 77-ci sıraya geriləyib. Ülviyyə Fətəliyeva isə 2 377 xalla 89-cu pillədə yer alıb.