İDMAN

24 Fevral

Medvedev 300-cü oyununu keçirib, Dabo 40-cı qolunu vurub

Azərbaycan Premyer Liqasının XVIII turu “Qarabağ”ın futbolçusu Maksim Medvedev üçün yubileylə əlamətdar olub. 

Fins.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi ölkə çempionatlarının yüksək liqasında 300-cü matçını keçirib. Bu, “Sumqayıt” üzərində 1:0 hesablı qələbənin qazanıldığı ev oyununa təsadüf edib. Medvedevin debütü 2006/2007 mövsümündə gerçəkləşib. O, 14-cü mövsümünü keçirdiyi Premyer Liqada yalnız bir klubda çıxış edib və hesabında 10 qol var.

“Səbail”in futbolçusu Şəhriyar Rəhimov isə Azərbaycan çempionatlarında 250-ci oyununa çıxıb. Yubiley Premyer Liqanın XVIII turunun “Sabah”la qolsuz heç-heçənin baş verdiyi səfər matçına təsadüf edib. 2007/2008 mövsümündə “İnter” (indiki “Keşlə”) komandasının heyətində debüt edən Rəhimov sonradan daha 5 klubun formasını geyinib. O, Bakıda AZAL, “Rəvan” və “Sabah”, paytaxtdan kənarda “Karvan” və “Kəpəz”in formasını geyinib. Oyunçunun hesabında 14 qol var.

“Neftçi”nin futbolçusu Baqali Dabo Premyer Liqada 40-cı qolunu vurub. Fransalı hücumçu yubiley qoluna XVIII turda “Qəbələ”ni səfərdə 2:0 hesabı ilə yendikləri görüşdə imza atıb. Ölkə çempionatında 2016/2017 mövsümündə debüt etmiş forvard 40-cı qolunu 82-ci matçında vurub. İki mövsüm oynadığı “Qəbələ”də 43 oyuna 20 dəfə fərqlənən forvard sabiq klubunun qapısına yol tapmaqla “Neftçi”dəki qol sayını da 20-yə çatdırıb. O, paytaxt klubunda 39-cu matçda bunu bacarıb.

Dabo Azərbaycan çempionatları tarixində 40 və daha çox qol vuran 58-ci oyunçudur. O, bombardirlər siyahısında Fernando Peres, Junivan Suares, Mehman Allahverdiyev, Samir. A. Məmmədov ilə 54 - 58-ci yerləri bölüşür.

Fransalı oyunçu “Neftçi”nin tarixində Premyer Liqada 20 və daha çox qol vuran 20-ci futbolçudur. Dabo bu göstəricidə Leonid Kalfaya çatıb.