Millimizin braziliyalı yarımmüdafiəçisi Riçard Almeyda yığma karyerasını bitirmək istəmir. Hazırda BƏƏ-nin "Baniyas" klubunda çıxış edən futbolçu ölkəmizdən gələn dəvətə həvəslə müsbət cavab verəcək.
Fins.az xəbər verir ki, 2011-ci ilə "Qarabağ"a gələn və buradakı uğurlu çıxışı ilə məşhurlaşan braziliyalı 2017-də milliləşdirilmişdi. Onun Azərbaycandan getdikdən sonra yığmaya gəlməyəcəyi haqda söz-söhbət dolaşır. Lakin yarımmüdafiəçi futbolinfo.az-a açıqlamasında deyilənləri təkzib etdi.
Almeyda sosial şəbəkədə yayılan xəbərlərə inanmamağı məsləhət gördü: "Hər zaman millinin düşərgəsinə gəlməyə hazıram. Mənasız iddialardı, mən tərəfdən hər hansı problem ola bilməz. Azərbaycan ikinci vətənimdi. Nə vaxt dəvət gəlsə, məmnuniyyətlə millinin düşərgəsinə yollanacam".