Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start veriləcək.
Fins.az-ın məlumatına görə, ilk oyun günündə ilk qarşılaşma keçiriləcək. Lider "Qarabağ" səfərdə "Zirə" ilə qarşılaşacaq. Hazırda Ağdam təmsilçisinin 35 xalı var, paytaxt klub isə 20 xalla 5-ci yerdədir. "Qarabağ" birinci dövrədə 3:1 hesabı ilə qələbə qazanıb. İkinci dövrədəki oyun isə bərabərliklə bitib - 1:1.
Komandalar indiyədək 18 dəfə üz-üzə gəliblər. Qəsəbə təmsilçisi hələ ki, rəqibini məğlub edə bilməyib. "Köhlən atlar" 13 dəfə meydanı 3 xalla tərk ediblər, 5 qarşılaşma isə heç-heçə bitib. “Qarabağ” ardıcıl 5 səfər matçında da qələbə qazanıb. Topların fərqində də son ölkə çempionunun aşkar üstünlüyü var - 37:8.
Günün digər matçında "Sumqayıt" "Sabah"ı qəbul edəcək. "Gənclik şəhəri" təmsilçisi 22 xalla 4-cü, qonaq komanda isə 16 xalla 6-cı sıradadır. "Sumqayıt" hər iki dövrədə qələbə qazanıb - 1:0, 3:1.
Rəqiblər Premyer Liqada 6 dəfə üz-üzə gəliblər. Meydan sahibləri 6, paytaxt klubu isə 1 dəfə qələbə sevinci yaşayıb. Topların fərqində də "Sumqayıt" öndədir - 10:4. "Sabah" 3 matçdır rəqibi ilə görüşdə xal qazana bilmir. "Sumqayıt"ın evindəki bütün matçlarında isə tərəflər bir qol vura biliblər.
Azərbaycan Premyer Liqası, XVII tur
15 fevral (şənbə)
15:00. “Zirə” –“ Qarabağ”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: İlham Əliyev
Zirə İdman Kompleksinin stadionu
17:00. “Sumqayıt” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Fərid Hacıyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Kapital Bank Arena”
Qeyd edək ki, XVII tura fevralın 16-da keçiriləcək "Neftçi" - "Keşlə" və "Səbail" - "Qəbələ" matçları ilə yekun vurulacaq.