İDMAN

24 Dekabr

Şəhriyar Məmmədyarov ili elə bir qazancla tamamladı ki...

FIDE Qran-Prisinin Qüdsdə keçirilmiş son mərhələsindən sonra Şəhriyar Məmmədyarovun qazancına aydınlıq gəlib.

Oxu.Az xəbər verir ki, ilk görüşdə – 1/8 finalda rusiyalı Dmitri Yakovenkoya 2,5:3,5 hesabı ilə uduzaraq bu yarış vasitəsilə İddiaçılar Turnirinə getmək şansını itirsə də, Şəhriyar Məmmədyarov daha 40 min avro qazanıb. 

Buna Şəhriyarın tay-brekdə uduzması səbəb olub. Ümumilikdə 2019-cu il Qran-Prisini 10 xalla dördüncü sırada başa vurmuş şahmatçımız yarışı 69 min avro qazancla tərk edib.

İddiaçılar Turnirinə vəsiqə qazanmış rusiyalılar – Qran-Prinin qalibi Aleksandr Qrişuk və ikincisi Yan Nepomnyaşi hərəyə 98 min avro qazanıb. Üçüncü yeri tutmuş fransalı Maksim Vaşye-Laqrav isə 74 min avroya sahib çıxıb.

Səhhətinə görə Qüdsdəki yarışda iştirak etməkdən imtina edən Teymur Rəcəbovla Levon Aronyan müvafiq olaraq 20-ci və 21-ci yeri tutublar. Əvvəldən bilindiyi kimi, iki mərhələdə iştirak etmiş hər iki şahmatçının bu turnirdən qazancı cəmi 10 min avro olub. Bu da iştiraka görə verilən məbləğdir.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov daha əvvəl bu il iştirak etdiyi “Grand Chess Tour”dan da 48 750 dollar qazanıb.