İDMAN

19 Dekabr

AVRO-2020-nin bilet satışının ikinci mərhələsi başa çatıb

UEFA 2020-ci ildə keçiriləcək Avropa çempionatı üçün bilet satışının ikinci mərhələsinin başa çatdığını açıqlayıb.

Fins.az-ın məlumatına görə, bu, UEFA-nın rəsmi saytı vasitəsi ilə elan olunub. 

Bilet satışının ilkin mərhələsi yayda baş tutub. Həmin vaxt 1.5 milyon bilet üçün 19,3 milyon sorğu alınıb. Turnir üçün, ümumilikdə, 3 milyondan çox bilet satılacaq. Bunun 82 faizi azarkeşlərə ayrılıb.

Bilet almaq üçün müraciət edənlərə 2020-ci il yanvarın sonuna kimi məlumat veriləcək. Müsbət cavab ala bilməyən şəxslər növbəti mərhələlərdə iştirak edə bilərlər. 

Qeyd edək ki, Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq.

İyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.

AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda qarşılaşacaqlar.