5 manatdan 50 manatadək biletlər
Yeni il bayramında hamıdan çox sevinən, heç şübhəsiz, uşaqlardır. Bəzəklər, bayram süfrələri və hədiyyələrdən əlavə, həm də gəzinti və Yeni il şənliklərinə qatılmaq onların yaddaşlarına ömürlük həkk olunur. Məhz uşaqları düşünərək bir çox müəssisə və teatrlar uşaqlar üçün Yeni il şouları hazırlayıblar.
Turizm.fins.az paytaxtda iri konsert salonları və restoranlarda təşkil olunacaq şou-proqramları təqdim edir.
Bakı Konqres Mərkəzində artıq ikinci ildir qeyd olunan “Cırtdan” ailəvi meqa-şousu bu il də tamaşaçıların görüşünə gələcək. Böyüklərin də həvəslə gözlədiyi Cırtdan bu dəfə uşaqları “Cırtdan və sehirli xalat” adlı interaktiv şou ilə sevindirəcək.
Dekabrın 21-dən yanvarın 5-dək davam edəcək şouda 300-ə yaxın xüsusi hazırlanmış əlvan kostyum, 120-yə yaxın üfürülmüş oyuncaq və səhnədə cərəyan edənlərdən əlavə, 40 nəfərə qədər artistin zalda uşaqlarla interaktiv ünsiyyəti nəzərdə tutulub. Ümumi olaraq tamaşanın quruluşunda 80 rəqqas, aktyor və kəlləçarxçılar iştirak edəcək. Bu şoudan yalnız uşaqlar deyil, böyüklər də əsl zövq alacaqlar. Biletlərin qiyməti 5-30 manat arasında dəyişir. 3 yaşdan yuxarı uşaqlar üçün bilet tələb olunur.
Tel: (012) 404 18 81
Heydər Əliyev Sarayının səhnəsində də dekabrın 29-da “Yeni il simfoniyası” adlı uşaqların sevimli cizgi film qəhrəmanlarının iştirakı ilə ən maraqlı interaktiv musiqili şou-proqram keçiriləcək. Simfonik orkestrin müşayiəti ilə baş tutacaq musiqili tamaşada uşaqlar Şaxta baba, Elza, Ələddin, Su pərisi və digər qəhrəmanlarla birgə möcüzəli nağıllar ölkəsinə səyahət edəcəklər. Musiqili-nağıl ən populyar cizgi filmlərinin motivləri əsasında hazırlanıb. Yeni il şənliyində simfonik orkestrin müşayiəti ilə müğənnilərin ifasında “Gözəl və Bədheybət”, “Soyuq ürək”, “Ələddin”, “Pinokkio”, “Mulan”, “Kral Şir”, “Su pərisi”, “Vinni Pux” və digər sevimli cizgi filmlərindən musiqilər, həmçinin Ştraus və Çaykovskinin əsərlərindən klassik parçalar səsləndiriləcək.
Cavad Tağızadənin dirijorluğu ilə keçiriləcək musiqili-nağılın rejissoru və ssenari müəllifi Aleksey Smirnovdur (Moskva).
Saat 13:00 və 16:00-da başlayacaq musiqili-nağılın biletlərinin qiyməti 5-49 manat arası təşkil edir.
Heydər Əliyev Sarayının səhnəsində yanvarın 2-də daha bir Yeni il şousu uşaqların sevincinə səbəb olacaq. “Qar kraliçası və 7 gözəl” adlı musiqili, əyləncəli, interaktiv karnavalda Yeni ilin sevilən personajı Şaxta baba uşaqlarla görüşəcək və onları mahnılar, rəqslər, oyunlar, bayram zarafatları ilə sevindirəcək. Uşaqların sevimli nağıl qəhrəmanları ilə dialoqları, həmçinin milli və xarici musiqilərə hazırlanmış rəqslər, “Zima” beynəlxalq uşaq musiqi festivalının iştirakçılarının ifasında mahnılar və sürprizlər karnavala xüsusi rəng qatacaq.
Biletlərin qiyməti 6-25 AZN arasında təşkil edir. Seanslar: 12:00 və 16:00
Tel: (012) 441 21 31
R.Behbudov adına Dövlət Mahnı Teatrı sizi “İfritənin kələyi” adlı Yeni il şənliyinə dəvət edir. Şənlikdə uşaqları həyəcanlı, maraqlı, surpriz dolu anlar gözləyir. Onlar nağıl qəhrəmanları ilə ünsüyyətdə olub, hadisələrin birbaşa iştirakçısına cevriləcək, Qar qızın sehirlənməsinin və Yeni ilin sahibi olan siçanın necə yoxa çıxmasının şahidi olacaqlar.
Uşaqlarınızı bu gözəl şənlikdən məhrum etməyin. Biletlərin qiyməti 7 AZN-dir.
Tel: (012) 493 94 15
“JW Marriott Absheron Baku” da hər il ənənəvi Yeni il şouları ilə uşaqları sevindirir. Dekabrın 28-29-da şəhərimizin ən dəbdəbəli yerlərindən biri olan “Abşeron” hotelində Yeni il şənliyi qeyd olunacaq. Şaxta baba və Qar qızın ulduzlu qonaqları olacaq cazibədar Qar kraliçası, Milad oğrusu tüklü Qrinç, Ağca, Elza, Kunq-fu Panda, “Ulduz döyüşləri” filminin baş qəhrəmanı Dart Veyder, Uşaqların sadiq dostu transformer Bamblbi ilə övladlarınız da bir arada ola bilər. Sevimli animatorlar əfsanəvi qəhrəmanların kostyumlarında Şaxta baba və Qar qızla bərabər, balaca uşaqlar və ibtidai sinif şagirdləri üçün unudulmaz oyun və əyləncələrlə dolu Yeni il şənliyi təşkil edəcək. Bundan əlavə, unudulmaz oyunlar və viktorinalar, köpük və alov şousu, viktorinanın qalibləri olan həm uşaqlar, həm də böyüklər üçün xüsusi hədiyyələr, fleşmob rəqslər, moda şou, diskoteka və əlbəttə ki, Şaxta babadan hədiyyələr hazırlanıb.
Biletlərin qiyməti standart olaraq 50 AZN-dir. Valideynlərə və uşaqlara ayrı bilet tələb olunur.
Biletə daxildir: professional foto çəkiliş və feys art, menyu - limitsiz burgerlər, desertlər, meyvə assorti, içkilər, çay, kofe.
Tel: (055) 757 87 72
“Buta Palace” artıq 10 ildir keçirdiyi “Balacalar üçün böyük şənlik” adlı bayram tədbiri ilə uşaqların və valideyinlərin marağını cəlb etməyi bacarır. Şənlik tamaşa, müsabiqələr, animatorların iştirakı ilə əyləncəli proqram və yemək hissəsindən ibarətdir. Uşaqlar öz paylarına düşən hədiyyələri ilə də təmin olunur. Tamaşa rusiyalı müəlliflər tərəfindən hazırlanıb və rus dilində oynanılır. Əyləncə proqramı isə həm Azərbaycan, həm də rus dillərindədir. Övladlarınız qış tətilində sevdikləri bir çox qəhrəmanlarla əylənəcək və xoş təəssüratla gözəl bir gün keçirəcəklər.
Biletlərin qitməti 35 AZN-dir. 3 yaşdan yuxarı uşaqlar üçün bilet tələb olunur.
Tel: (012) 598 17 67
“Chicago Club” dekabrın 22-dən yanvarın 2-dək uşaqlar üçün “Disney qəhrəmanları Yeni il karnavalında” adlı bayram şousu təqdim edəcək. Yeni ildə ən müasir və ən sevimli personajları - Qar kraliçası, Qrinç, Ağca, Cek Vorobey, Kunq-fu Panda, "Ulduz döyüşləri" filminin qəhrəmanı Dart Veyder, uşaqların əsl dostu olan transformator BamblBi, əsl Şaxta baba və nəvəsi Qar qızı bir arada görmək istəyirsinizsə, biletləri əldə etməyə tələsin. Bundan əlavə, əyləncəli və maraqlı oyunlar, yarışmalar, köpük şousu, alov şousu, ən yaxşı karnaval geyimləri müsabiqəsi, həm uşaqlar, həm də valideynlər arasında yarışın qaliblərinə xüsusi hədiyyələr, müasir və alovlu fleşmob rəqsi, mahnıları sizi gözləyir. Animatorlar həm uşaqlar, həm də valideynlər üçün maraqlı viktorinalar, peşəkar DJ IDN-in iştirakı ilə diskoteka və əlbəttə ki, Şaxta babadan Yeni il hədiyyələri, “aqua-grim” hazırlayıblar.
Biletləri şəhərdəki bütün mərkəzləşdirilmiş bilet kassalarından almaq olar. Qiymət: 35-45 AZN. Qiymətinə daxildir: burger və nagets, desert, alkoqolsuz içkilər, çay, qəhvə və Yeni il hədiyyələri.
Valideynlərə və uşaqlara ayrı bilet tələb olunur.
Tel: (051) 900 22 42
©BakuCity.az