Son illərdə təhsildə maliyyə savadlılığı mövzusu getdikcə daha çox gündəmə gəlir. Ekspertlər hesab edirlər ki, uşaqlara erkən yaşdan maliyyə vərdişlərinin aşılanması onların gələcək həyatına ciddi təsir göstərir.
Beynəlxalq təhsil kouçu Leyla Quliyeva Finss.az-a açıqlamasında bildirib ki, iqtisadiyyatın əsas mahiyyəti insan arzuları ilə təbiətin təmin etdiyi resurslar arasındakı ziddiyyətə əsaslanır. Onun sözlərinə görə, bu ziddiyyət sonsuzdur və uşaqlara kiçik yaşlardan izah edilməlidir:
"Şagirdlər üçün maliyyə savadlılığı: İqtisadiyyatda belə bir termin var – iqtisadiyyat iki hadisədən narahatdır: birincisi, bir şəxs tərəfindən ifadə edilən arzular, digəri isə təbiət vasitəsilə təmin edilən aktivlər. Bu iki qarşıdurma qüvvəsi yeni maraqlar və insan təbiəti arasında toqquşmadır. Bu münaqişə sonsuzdur və bu sonsuzluğun uşaqlara erkən yaşlardan öyrədilməsi, onların məlumatlandırılması və daha hazır şəxsiyyət kimi formalaşdırılması vacibdir. İbtidai təhsil pilləsindən sonra şagirdlər maliyyə savadlılığına yiyələnməlidirlər. Əgər bu biliklər aşılanarsa, gələcəkdə daha uğurlu, iqtisadi cəhətdən azad və özgüvənli fərdlər kimi yetişəcəklər."
Tədrisdə yeni yanaşmalar
Ekspert qeyd edib ki, şagirdlərdə maliyyə biliklərinin formalaşdırılması üçün dərs proqramları və metodologiya təkmilləşdirilməlidir:
"Bunun üçün ilk olaraq dərsliklərə əlavə materiallar daxil edilməli, misallar üzərindən izahlı və praktik məşqlər aparılmalıdır. Maliyyə mövzuları ilə bağlı oyunlar keçirilməli, dərslər zamanı kurikulum metodologiyası çərçivəsində fəal dərslərə maliyyə mövzuları da əlavə olunmalıdır. Beləliklə, uşaqlarda maraq yaradıla bilər."
Uşaqlara hədəf qoymağın əhəmiyyəti
L.Quliyevanın sözlərinə görə, maliyyə savadlılığının yalnız nəzəri biliklərlə məhdudlaşması yetərli deyil. Bu biliklərin praktikada möhkəmlənməsi üçün uşaqlara real hədəflər qoyulmalıdır:
"Digər bir məqam isə uşaqlar üçün hədəf qoymaqdır. Bu prosesdə həm valideynlər, həm də müəllimlər iştirak edə bilər. Hədəf qoyulduqda şagird onun əldə edilməsi üçün motivasiya olunacaq, səbr dəyərini öyrənəcək və bu zaman maliyyə savadlılığı bacarıqları da artacaq. Hansı üsulun daha uyğun və daha effektiv olduğunu dərk edən şagird öyrəndiklərini genişləndirərək gələcək həyatında da mütləq istifadə edəcək."
Gələcəkdə qazandıracağı üstünlüklər
Ekspert sonda qeyd edib ki, maliyyə savadlılığına yiyələnən şagirdlər gələcəkdə yalnız şəxsi büdcələrini düzgün idarə etməklə kifayətlənməyəcək, həm də daha müstəqil, iqtisadi cəhətdən azad və özünə güvənən fərdlər kimi formalaşacaqlar.
Fuad Mədətov
Finss.az