Finss.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı təhsilini Oksford Universitetində elmlər magistri səviyyəsində davam etdirəcək. 2025-2027-ci illəri əhatə edəcək təhsil müddətində Vüsal Qasımlı Proqramların İdarəolunması üzrə magistr təhsili alacaq.
V.Qasımlı bundan əvvəl də Oksford Universitetində, UNEC-də və GİPA-da magistr səviyyəli proqramların məzunu olmuş, həmçinin Harvard Universitetində “İqtisadi artımın idarə olunması” kursunu bitirmişdir.
O, 2011-ci ildə iqtisad üzrə fəlsəfə doktoru, 2013-cü ildə dosent, 2019-cu ildə iqtisad elmləri doktoru və 2024-cü ildə professor elmi adı almışdır.
Vüsal Qasımlı Oksford Universiteti, Harvard Universiteti, Vaşinqton Universiteti, Kaliforniya Universiteti, Qahirə Amerika Univeristeti, Seulun Hanyan və Hankuk Universitetləri və Rio-de-Janeyro Universitetində ictimai mühazirələr oxuyub. 2013-cü ildə Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutunda qonaq alim kimi çalışıb. Astana İqtisadi Forumunun və Avrasiya Alimlərinin İqtisadi Klubunun mükafatını alan V.Qasımlı dövlət işində təcrübəsi ilə yanaşı Avropa İttifaqı, Dünya Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (JİCA) və bir sıra beynəlxalq qurumların həyata keçirdiyi layihələrdə çalışıb.
O, Asiya İnkişaf Bankının iqtisadi inkişaf məsələləri üzrə məsləhətçisi və BMT-nin Asiya və Sakit Okean Komissiyasının milli koordinatoru olub. Onun 20 kitabı və 500-ə qədər elmi və publisistik məqaləsi, o cümlədən iki dərslik, dörd dərs vəsaiti, üç dərs proqramı və iki monoqrafiyası var.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə Vüsal Qasımlı "Tərəqqi" medalı və "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilib.
