Elm

01 İyul

“Milli Proqram” çərçivəsində indiyədək 15 min nəfər 27 min təlimi uğurla tamamlayıb

Finss.az - “Milli Proqram” çərçivəsində indiyədək 15 min nəfər 27 min təlimi uğurla tamamlayıb, növbəti 7500 istifadəçi isə təlimlərə başlayıb.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “Milli Proqram” çərçivəsində növbəti 7500 nəfər “Coursera” onlayn təhsil platformasındakı təlimlərə qoşulub.

Aprelin 1-dən başlayan “Milli Proqram” çərçivəsində indiyədək 15 min nəfər onlayn təhsil platformasından ödənişsiz yararlanıb. Vətəndaşlar 80 minə yaxın təlimə müraciət ediblər, 27 min təlimi müvəffəqiyyətlə başa vuraraq beynəlxalq dərəcəli sertifikatlar əldə ediblər. İstifadəçilərin 30%-i platformada təqdim olunan süni intellekt və data elmi sahəsinə aid təlimlərə üstünlük verib. Bununla yanaşı, kommunikasiya bacarıqları, layihə və risklərin idarə olunması, eləcə də biznes sahəsi üzrə təlimlərə də böyük maraq müşahidə olunur.

“Milli Proqram” çərçivəsində istifadəçilərin ən çox müraciət etdiyi 10 təlim aşağıdakılardır:

  • Süni intellekt hamı üçün (AI For Everyone);
  • Layihələrin idarəolunmasının əsasları (Foundations of Project Managements)
  • Süni intellektə giriş (Introduction to Artificial Intelligence);
  • Liderlik bacarıqları (Leadership skills);
  • Data elminin əsasları, data hər yerdə (Foundations: Data, data, everywhere);
  • Layihələrin idarəolunmasının əsasları (Project Management Fundamentals);
  • Data elmi nədir? (What is Data Science?);
  • İngilis dilində peşəkar email yazışmaları (Write Professional Emails in English);
  • Sİ, biznes və gələcəyin peşələri (AI, Business the Future of Work);
  • Layihələrin idarəolunmasına giriş (Introduction to Project Management).

Onlayn platformada Oksford, Stenford, Yel, Dyuk, London, Edinburq, Mançestr, Miçiqan, Con Hopkins, İllinoys, Florida, Sidney, eləcə də “Microsoft”, “Google”, “Meta”, IBM, “AWS”, “Oracle”, “Gitlab”, “Intel”, SAP, “Salesforce” kimi dünyanın 350-yə yaxın nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin 12000-dən çox sahəvi kurs və proqramı “Milli Proqram” istifadəçiləri üçün əlçatandır.

Proqramın məqsədi ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır. Azərbaycan vətəndaşları yaşından və məşğulluq vəziyyətindən asılı olmayaraq bu imkandan yararlana bilərlər. Qoşulmaq istəyən vətəndaşlar //form.4sim.gov.az/ linkindən keçid edərək qeydiyyatdan keçə bilərlər.

Proqram çərçivəsində 1 il ərzində on minlərlə istifadəçinin dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da təlimlərdən faydalanması nəzərdə tutulub.

SOCAR, “PASHA Holding”, bp, JOCAP və “Azerconnect Group” şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilən “Milli Proqram” çərçivəsində “Coursera” platformasında ən çox müraciət olunan 2500 kurs süni intellektin köməyi ilə Azərbaycan dilində altyazı ilə müşayiət olunur.

Qeyd edək ki, ötən il “4Sİ Akademiyası”nın ilkin mərhələsində 10 000 nəfər 1 il ərzində növbəli şəkildə “Coursera” platformasında ödənişsiz kurslardan faydalanıb. İştirakçılar 32 min saatdan çox kurs dinləyiblər, təlimləri uğurla tamamlayanlar ümumilikdə 4200 beynəlxalq sertifikat əldə ediblər. Layihə 2024-cü ildə “Coursera” şirkəti tərəfindən “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin “Süni İntellekt İnnovasiyası” kateqoriyası üzrə qalibi olub.