Finss.az - 2024-cü il iyunun 13-də Avstraliyadakı ASKAP radioteleskopları Yer orbitindən qeyri-adi, güclü və cəmi 30 nanosaniyə davam edən bir siqnal qeydə alıb.
Alimlərin araşdırmalarına görə, bu siqnal nə təbii hadisəyə, nə də təsadüfi texniki nasazlığa bənzəyir. Qeyri-adi siqnalın süni mənbədən gəldiyi ehtimal olunur.
Mənbənin təxminən 4500 km yüksəklikdə yerləşdiyi müəyyən edilib. Bu zaman həmin ərazidən NASA-nın 1967-ci ildən fəaliyyətsiz qalan “Relay 2” telekommunikasiya peykinin keçdiyi məlum olub. Mütəxəssislər ehtimal edirlər ki, bu “ölü” peyk illərlə günəş küləyinin təsirindən enerji toplayaraq elektrostatik boşalma nəticəsində siqnal göndərmiş ola bilər.
Alimlər bu hadisənin təsadüfi olmadığını və digər peyklər üçün də risk daşıya biləcəyini düşünürlər. Hadisə həm kosmik tullantıların təhlükəsini, həm də texnoloji irsimizin gözlənilməz şəkildə “canlana” biləcəyini bir daha gündəmə gətirib.