Elm

12 Mart

Alimlər bakteriofaq viruslarının südü bakteriyalardan qoruma qabiliyyətini aşkar edib

Finss.az - Konnektikut Universitetinin alimləri bakteriofaq viruslarının südü bakteriyalardan effektiv şəkildə qoruya biləcəyini aşkar ediblər. “Food Microbiology” jurnalında dərc olunan araşdırmaya görə, bakteriofaqlar, faydalı mikroorqanizmlərə və insan hüceyrələrinə zərər vermədən, yalnız bakteriyaları seçici şəkildə yoluxduran və məhv edən viruslardır.

Bakteriofaqlar litik dövrə əməl edərək mikroblara nüfuz edir, onların içində çoxalır və hüceyrəni məhv edir, sonrakı hücum üçün yeni viruslar buraxır. Tədqiqatlar göstərib ki, pasterizə edilmiş süddə bakteriofaqlar Listeria, Salmonella və E. coli kimi patogenlərin sayını əhəmiyyətli dərəcədə azaldır. Məsələn, Listeriaların sayı 10 min dəfə, salmonellaların sayı isə 200-1500 dəfə azalıb. Təsir bir həftə davam edir.

Çiy süddə isə viruslar, onların fəaliyyətini məhdudlaşdıran zülalların olması səbəbindən daha az təsirli olmuşdur. Lakin, bakteriofaqlar Salmonella sayını 13-200 dəfə azaldıb.

Pendir istehsalı zamanı isə virusların effektivliyi məhsulun strukturunun möhkəmliyi ilə məhdudlaşır. Ancaq, emal edilmiş pendirlərdə patogenlərin orta dərəcədə azalması müşahidə olunub.

Tədqiqatçıların fikrincə, bu metodun yüksək qiyməti onu istehsalda geniş şəkildə tətbiq etməyə maneə törədir, çünki effekt əldə etmək üçün patogenlərdən 1 milyon dəfə çox virus tələb olunur.

Zemfira Ms
Finss.az