Finss.az - Avropa Komissiyası Serbiyaya Rusiya qazının tədarükünü dayandırmaq niyyətində deyil.
Bu barədə Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos Avropa Parlamentində çıxışı zamanı bildirib.
Komissarın sözlərinə görə, Avropa İttifaqı Şurası ötən gün “RePowerEU” (“Avropanı yenidən enerji ilə təmin etmək”) planı üzrə danışıqlar mövqeyini təsdiqləyib. Həmin sənədə əsasən, 2028-ci ildən etibarən Aİ ölkələri Rusiya qazı almağı tam dayandıracaq.
Lakin Marta Kos vurğulayıb ki, bu qərar Rusiya qazının Serbiya kimi üçüncü ölkələrə tranzitinə şamil olunmur:
“Avropa İttifaqı ölkələrinin 2028-ci ildən Rusiya qazı idxalını dayandırması Serbiyaya tranzit tədarükün kəsilməsi demək deyil,” – deyə Kos qeyd edib.
Avropa Komissarı əlavə edib ki, Aİ Serbiyanın Avropa enerji bazarına inteqrasiyasını dəstəkləyir və ölkəni enerji təchizatını diversifikasiya etməyə, yəni qazı Avropa mənbələrindən idxal etməyə çağırıb.
Marta Kos eyni zamanda Serbiyanın Rusiya və Çinlə yaxın əlaqələrini tənqid edərək bildirib:
“Moskva və Pekinlə sıx münasibətlər, eləcə də Aİ-yə qarşı tənqidi bəyanatların təkrarlanması namizəd ölkədən gözlədiyimiz davranış deyil. Bu, Avropa dəyərləri və standartları ilə ziddiyyət təşkil edir.”