2025-ci il avqustun 6-na keçən gecə Rusiya Ukraynanın Odessa vilayətində yerləşən və ölkəyə təbii qazın şaxələndirilmiş marşrutla çatdırılmasını təmin edən qaz nəqli sistemi operatoruna məxsus kompressor stansiyasına hədəfli hücum edib.
Finss.az xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi məlumat yayıb.
Nazirlik bildirir ki, bu kompressor stansiyası Yunanıstanın LNG terminallarını Transbalkan qaz kəməri vasitəsilə Ukraynanın qaz anbarları ilə birləşdirən marşrutun vacib hissəsi olub. Bu marşrut vasitəsilə artıq ABŞ-dan LNG və sınaq həcmlərində Azərbaycan qazı tədarük olunub.
Avqustun 6-na keçən gecə həmin tədarükləri təmin edən avadanlıq onlarla zərbəçi pilotsuz uçuş aparatı (PUA) tərəfindən vurulub.
Nazirliyin bəyanatında bildirilir ki, bu hücumlar Rusiyanın sırf mülki infrastruktur obyektinə — enerji sektoruna, eləcə də Azərbaycan, ABŞ və Avropa tərəfdaşları ilə əlaqələrə qarşı yönəlmiş təxribatdır.
Hazırda mütəxəssislər zərərin müəyyənləşdirilməsi üzərində çalışırlar.
Ukraynanın energetika naziri Svetlana Qrinçuk vurğulayıb ki, “Rusiyanın Transbalkan marşrutunun əsas kompressor stansiyasına PUA-larla həyata keçirdiyi kütləvi hücum Moskvanın Avropanın enerji müstəqilliyini və alternativ qaz tədarük marşrutlarını məhv etmək üçün bütün mövcud vasitələrdən istifadə etməyə hazır olduğunu göstərir.”