Türkiyədə aparılan arxeoloji qazıntılar və elmi araşdırmalar ölkənin qədim sivilizasiyalarına dair yeni bilgilər təqdim edir. Mərkəzi Türkiyədə yerləşən Neolit dövrə aid Çatalhöyük məskəni ilə bağlı son genetik tədqiqat qadınların cəmiyyətdə mərkəzi rola malik olduğunu üzə çıxarıb.
Finss.az xəbər verir ki, “Science” jurnalında dərc olunan və 12 il davam edən beynəlxalq araşdırma göstərib ki, eramızdan əvvəl 8000–5800-cü illər arasında mövcud olmuş Çatalhöyükdə qadın nəsil xətti cəmiyyətin sosial strukturunda əsas rol oynayıb. Araşdırma nəticələrinə görə, bu qədim yaşayış məskənində ailə bağları əsasən ana xətti üzrə qurulub, kişilər isə daha çox digər yerlərə köç edən tərəf olub.
Araşdırma çərçivəsində 395 nəfərin skelet qalıqları analiz edilib və 35 evdə dəfn olunan 131 nəfərin DNT-si deşifrə olunub. Genetik məlumatlar göstərib ki, eyni evdə basdırılan şəxslər çox vaxt bioloji qohum olublar, lakin zamanla bu əlaqə zəifləyib – bu da sosial təşkilatlanmada dəyişikliklərin baş verdiyini göstərir. Alimlər bunun övladlığa götürmə və alternativ ailə modelləri ilə əlaqədar ola biləcəyini bildirirlər.
Tədqiqatın nəticələri Çatalhöyük cəmiyyətində qadınların əsas dayaqlardan biri olduğunu, qız uşaqlarının oğlanlara nisbətən daha çox dəfn əşyaları ilə birlikdə basdırıldığını da təsdiqləyir. Bu isə qadın mərkəzli sosial quruluşun qədim aqrar cəmiyyətlər üçün xarakterik olduğunu göstərir.
Dünyanın ilk şəhəri hesab olunur
UNESCO-nun Ümumdünya İrsi Siyahısında yer alan Çatalhöyük, bu gün Konya vilayətində yerləşir. Ərazidəki evlər bir-birinə bitişik olub və giriş damdan həyata keçirilirdi. Maraqlı xüsusiyyətlərindən biri də evlərin altında dəfn ənənəsidir – insanlar birbaşa yaşadıqları evin altına basdırılırdı.
Çatalhöyükdə aşkar olunan çoxsaylı qadın fiqurları isə burada Ana Tanrıça kultunun və matriarxal cəmiyyətin izlərini əks etdirə biləcək simvolik tapıntılar kimi qiymətləndirilir.
Türkiyədə arxeoloji fəaliyyətlər genişlənir
2023-cü ildə Çatalhöyükdə müasir ziyarətçi və informasiya mərkəzi istifadəyə verilib. Bu mərkəz interaktiv panellər və multimedia texnologiyaları vasitəsilə ziyarətçilərə qədim yaşayış formasını yaxından tanımaq imkanı yaradır.
Türkiyə hökuməti arxeoloji irsin qorunmasına xüsusi önəm verir. “Gələcək üçün irs” layihəsi çərçivəsində ölkə üzrə qazıntı və bərpa işlərinin sayı 765-ə çatıb, bu rəqəmin 2026-cı ilədək 800-ə yüksələcəyi gözlənilir. 2024-cü il isə rəsmi olaraq “Arxeologiyanın Qızıl Dövrü” elan edilib.
Fuad Mədətov
Finss.az



