Finss.az - Çin yuanının beynəlxalq arenada istifadəsini genişləndirmək üçün yeni addımlar atır.
Bu addımlar, ABŞ dollarına qarşı beynəlxalq etimadın zəifləməsi fonunda Pekinin valyuta siyasətində əsaslı dəyişikliklərə getdiyini göstərir.
Mərkəzi Bank rəsmilərinin açıqlamalarına görə, yuanın offşor bazarlarda möhkəmlənməsi və ABŞ dollarının zəifləməsi Pekinə rəqabət imkanları yaradır. Bu il dollar indeksi 9%-dən çox azalsa da, yuan dollar qarşısında 2%-dən artıq möhkəmlənib.
Çin Mərkəzi Bankının sədri Pan Qunşen Ludzyatsuy forumunda “bir valyutaya həddən artıq asılılığın azaldılması” mövzusunda çıxış edib. Pekin rəqəmsal yuanın beynəlxalqlaşması üçün Şanxayda xüsusi mərkəz yaradacağını və yuan fyuçerslərinin ticarətini təşviq edəcəyini bildirib.
Üç böyük Çin birjası artıq ixtisaslı xarici investorların 16 yeni fyuçers və opsion müqavilələri ilə materik Çinində ticarət etməsinə imkan yaradır. Bu müqavilələr arasında təbii kauçuk, qurğuşun və qalay kimi xammal məhsulları var. Həmçinin, xarici valyutaların yuan əməliyyatlarında təminat kimi istifadəsinə dair təkliflər müzakirə olunur.
Maliyyə bazarlarında Morgan Stanley kimi böyük beynəlxalq şirkətlər yuan fyuçersləri və opsionları üzrə xidmətlərini genişləndirir.
Ekspertlər bildirir ki, Pekinin sərt kapital nəzarəti və bazar şəffaflığı hələ də bəzi maneələr yaradır. ABŞ hüquq sisteminin gücü və böyük likvid aktiv bazası hələ də xarici investorları cəlb edən əsas amillər olaraq qalır.
BCA Research-in geosiyasi baş strateqi Mett Gertkenin sözlərinə görə, Çin hələ ki, ABŞ dollarına etibarlı alternativ kimi tam formalaşmayıb və geosiyasi risklərin idarə olunması sahəsində daha çox iş görməlidir.
Beləliklə, yuanın beynəlxalq mövqeyinin gücləndirilməsi Çin üçün prioritet olaraq qalır və yaxın gələcəkdə valyuta bazarlarında rəqabətin daha da artacağı gözlənilir.