DÜNYA

09 İyun

ABŞ hökuməti SpaceX-ə alternativ axtarır

Finss.az - ABŞ Prezidenti Donald Tramp və İlon Mask arasında yaranan gərginlik Vaşinqtonun kosmik planlarında dəyişikliklərə səbəb ola bilər.

The Washington Post qəzetinin məlumatına görə, son günlərdə Pentaqon və NASA – ABŞ-ın Kosmik Agentliyi – SpaceX şirkətinə alternativ tapmaq məqsədilə bir neçə kommersiya şirkəti ilə danışıqlar aparır.

Məlumatda qeyd olunur ki, administrasiya rəsmiləri azı üç şirkətlə – RocketLab, Stoke Space və Jeff Bezosun sahibi olduğu Blue Origin ilə əlaqə saxlayaraq onların raket imkanları və dövlət tapşırıqlarını nə vaxt yerinə yetirə biləcəkləri ilə maraqlanıb. Bu addım Trampın İlon Maskın sərt tənqidlərinə cavab olaraq dövlət müqavilələrini dayandırmaq təklifindən sonra atılıb.

İlon Mask prezidentin təqdim etdiyi büdcə layihəsini “iyrənc və dəhşətli” adlandıraraq, bunun ölkənin maliyyə sabitliyinə zərər verəcəyini bildirib. Cavabında Tramp Truth Social platformasında “Büdcəyə milyardlarla qənaət etmək üçün ən asan yol, Mask üçün ayrılan dövlət subsidiyalarını və müqavilələri dayandırmaqdır” deyə bəyan edib.

Mask isə buna cavab olaraq, SpaceX-in hazırda NASA ilə birlikdə istifadə etdiyi Dragon kosmik gəmisini istismardan çıxaracağını açıqlayıb. Bu bəyanat sosial şəbəkələrdə sərt tənqidə səbəb olub və sahibkar daha sonra fikrindən daşınıb: “Yaxşı, Dragon-u istismardan çıxarmayacağıq.”

NASA isə məsələ ilə bağlı rəsmi mövqe bildirib:
“Agentlik prezidentin kosmosla bağlı baxışlarını həyata keçirmək üçün sənaye tərəfdaşları ilə əməkdaşlığa davam edəcək,” – deyə NASA sözçüsü Betani Stivens qeyd edib.

Mütəxəssislər hesab edir ki, bu qarşıdurma ABŞ-ın kosmik strategiyasına, həmçinin dövlət və özəl sektor arasındakı əməkdaşlıq modelinə ciddi təsir göstərə bilər.