DÜNYA

28 May

Avropanın qaz ehtiyatı 32% azalıb

Finss.az - Avropa İttifaqı ölkələrində yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi 46,3% təşkil edir, bu da illik müqayisədə 11,22 faiz bəndi azdır.

Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyası (Gas Infrastructure Europe, GIE) xəbər verir ki, hazırda anbarlardakı qazın ümumi həcmi 50,7 mlrd. kubmetr təşkil edir, bu da illik müqayisədə 32% azdır.

Qeyd edək ki, Avropa Komissiyasının tələblərinə əsasən, Aİ ölkələri təchizatın pozulması və ya anomal soyuq hava şəraiti zamanı qış dövrü üçün ehtiyatların artırılmasını təmin etmək üçün hər il noyabrın 1-dək öz qaz anbarlarının 90% dolmasını təmin etməlidir. Beləliklə, qarşıdan gələn yeraltı anbar doldurma mövsümündə Avropanın xalis qaz vurulması ən azı 61 mlrd. kubmetr təşkil etməlidir. Bu, bir il əvvəlki qazın xalis vurulmasındam demək olar ki, 50% yüksəkdir və tarixdəki ən yüksək göstəricilərdən biridir.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.