DÜNYA

21 May

Yaponiyanın ixracı artıb

Finss.az - Yaponiyanın ixracı 2025-ci ilin aprel ayında ötən ilin eyni dövrü ilə müqayisədə 2% artaraq 9,157 trilyon yen (təxminən 63,71 milyard ABŞ dolları) təşkil edib.

Bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

İxrac artımı ardıcıl yeddinci ay qeydə alınsa da, aprel ayında bu artım tempinin zəiflədiyi müşahidə olunub. Ekspertlərin gözləntiləri də bu istiqamətdə idi – onlar ixracda məhz 2%-lik artım proqnozlaşdırırdılar.

Ölkənin idxalı isə apreldə 2,2% azalaraq 9,273 trilyon yenə enib. Proqnozlara görə, idxalda daha kəskin – 4,5%-lik azalma gözlənilirdi.

Bu göstəricilər nəticəsində Yaponiyanın ticarət balansında aprel ayında 115,85 milyard yen həcmində kəsir yaranıb. Müqayisə üçün, ötən ilin eyni ayında bu rəqəm 504,69 milyard yen səviyyəsində olmuşdu. Qeyd edək ki, mart ayında ticarət balansında 559,4 milyard yenlik profisit qeydə alınmışdı.

Regionlara nəzər yetirdikdə, ABŞ-a ixrac son dörd ayda ilk dəfə 1,8% azalıb. Mütəxəssislər bu azalmanı ABŞ-ın avtomobil, polad və alüminium məhsullarına tətbiq etdiyi tariflərlə əlaqələndirirlər. Çinə ixrac 0,6%, Avropa İttifaqına 5,2%, Rusiyaya isə 3% azalıb. Əvəzində ASEAN ölkələrinə ixrac 1,9% artıb.

İdxal göstəricilərinə gəldikdə, ABŞ-dan idxal 11,6%, ASEAN ölkələrindən 3,3%, Avropa İttifaqından isə 0,6% azalıb. Rusiyadan idxal isə əksinə, 5,6% artım göstərib.