Finss.az - Son dövrlərdə kriptovalyuta milyonçularına qarşı fiziki hücumlar və oğurluq hadisələri dünyada artıb.
The Wall Street Journal nəşrinin araşdırmasına görə, cinayətkarlar kriptomilyonerləri və onların ailə üzvlərini oğurlayır, döyür, bəzən isə barmaqlarını kəsirlər.
Paris şəhərində baş verən son hadisədə, fransız kriptovalyuta birjası Paymium-un rəhbərinin ailə üzvü maskalı şəxslər tərəfindən hücuma məruz qalıb. Hadisə zamanı zərər çəkənlər canlarını qurtara bilsələr də, hər dəfə belə olmur.
Əvvəllər əsas təhlükə kiberhücumlar olsa da, indi fiziki hücumların sayı artıb. Coinbase birjasının 97 min müştərisinin şəxsi məlumatlarının oğurlanması xəbəri bu təhlükənin nə qədər real olduğunu göstərir.
Fransada təkcə son vaxtlar kripto ilə bağlı beş oğurluq hadisəsi qeydə alınıb. Daxili işlər naziri cinayətkarların Telegram və Signal kimi tətbiqlər vasitəsilə gəncləri cəlb edib uzaqdan idarə etdiyini bildirib.
Kriptomilyonerlər özlərini qorumaq üçün sosial şəbəkələrdə profillərini gizlədir və ünvan məlumatlarını gizlətməyə çalışırlar. Lakin polis cinayətkarların internetdən yüksək səviyyədə istifadə edərək hədəflərinə asanlıqla çatdıqlarını bildirir.