Finss.az — Yaponiyanın Baş naziri Şigeru İsiba əlavə borclanma hesabına vergi azaldılmasına qarşı çıxaraq, ölkənin maliyyə vəziyyətinin Yunanıstandan da pis olduğunu bəyan edib.
Bu barədə o, bazar ertəsi günü parlamentdə çıxışı zamanı bildirib.
İsiba çıxışı zamanı vurğulayıb ki, Yaponiya hazırda faiz dərəcələrinin müsbət zonaya keçdiyi bir dövrə qədəm qoyur və ölkənin maliyyə sabitliyi ciddi təzyiqlərlə üzləşir. O, bu açıqlaması ilə Yaponiya Bankının ötən il uzunmüddətli monetar stimullaşdırma siyasətinə son qoymaq qərarına istinad edib.
Mərkəzi bank artıq qısamüddətli faiz dərəcələrini 0,5%-ə qaldırıb və inflyasiyanın 2%-lik hədəfə çatmasına qədər borclanma xərclərinin artımını davam etdirməyi planlaşdırır. Bundan əlavə, bank dövlət istiqrazlarının alış tempini azaldaraq gəlirliliyin artmasına və dövlətin borc xidmətlərinə çəkdiyi xərclərin yüksəlməsinə səbəb ola bilər.
İyul ayında keçiriləcək yuxarı palata seçkiləri ərəfəsində ictimai dəstəyin azalması fonunda İsiba vergi azaldılması, xüsusilə də istehlak vergisinin endirilməsi ilə bağlı çağırışlara qarşı çıxmalı olub. O bildirib ki, artan vergi gəlirlərinə baxmayaraq, sosial təminat xərcləri də paralel olaraq yüksəlir.
Bloomberg News-un məlumatına görə, İsiba ölkənin mövcud maliyyə vəziyyətini "son dərəcə pis" adlandıraraq, bunun Yunanıstanın 2009-cu ildə yaşadığı böhrandan daha ağır olduğunu qeyd edib. Beynəlxalq Valyuta Fondunun hesabatlarına əsasən, Yaponiyanın dövlət borcunun ÜDM-ə nisbəti Yunanıstandan daha yüksəkdir.
Bununla belə, Yaponiya beynəlxalq kreditor kimi nüfuzu və dövlət borcunun əsasən daxildə yerləşməsi sayəsində Yunanıstanın yaşadığı dərin maliyyə böhranından yayınmağa müvəffəq olub.
Son bazar məlumatlarına görə, ölkənin 10 illik dövlət istiqrazlarının gəlirliliyi 1,48%-ə yüksəlib, 30 illik istiqrazların gəlirliliyi isə 2,87%-ə enib. Analitiklər qeyd edirlər ki, istiqraz gəlirliliyi adətən qiymətlərlə tərs mütənasib şəkildə dəyişir.