DÜNYA

19 May

Təbii qaz hasilatı Avropada azalmağa davam edir, tələbat isə artır

Finss.az - 2025-ci ilin birinci rübündə Avropa ölkələri, o cümlədən Norveç, Birləşmiş Krallıq və Türkiyə təbii qaz hasilatını 8% azaldaraq 47,7 milyard kubmetr səviyyəsinə endiriblər.

Bu, son dörd ilin ən aşağı göstəricisidir. Xüsusilə Norveçdə hasilat 7% azalaraq 31,5 milyard kubmetr olub, əsas səbəb isə Asqard və Aasta-Xansten yataqlarında istehsalın düşməsidir. Birləşmiş Krallıq və Niderlandda da hasilat əhəmiyyətli dərəcədə azalıb.

Qeyd edilir ki, hasilat azalmasına baxmayaraq, Avropada təbii qaz tələbatı artmaqda davam edir. Yanvar-mart aylarında qaz istehlakı 9%, yanvar-aprel aylarında isə 6% artaraq 160,6 milyard kubmetrə çatıb. Boru kəməri ilə idxal 9% azalaraq 55,5 milyard kubmetr olsa da, maye qaz (LNG) tədarükü 17% artaraq 51,7 milyard kubmetr olub. Apreldə isə maye qazın tədarükü rekord səviyyəyə yaxınlaşıb.

Analitiklər Avropa qaz hasilatının yaxın gələcəkdə yataqların tükənməsi və investisiyaların azlığı səbəbindən daha da azalacağını proqnozlaşdırır. Buna baxmayaraq, Avropa İttifaqında maye qaz tələbatının yaxın illərdə 10 milyon ton artacağı gözlənilir. Bu şəraitdə Rusiya, ABŞ və Qətərdən maye qaz tədarükü artır.