DÜNYA

22 Aprel

ABŞ-ın yeni tarif siyasəti neft bazarına təzyiq yaradır -"Moody’s"

ABŞ-ın tətbiq etdiyi yeni tarif siyasəti qlobal enerji bazarına və iqtisadi sabitliyə təsir göstərməyə başlayıb.

Finss.az-ın məlumatına görə, bu barədə "Moody’s" beynəlxalq reytinq agentliyi məlumat yayıb. Agentlik bildirib ki, ticarət müharibəsi ilə bağlı artan narahatlıqlar dünya üzrə iqtisadi artım tempini zəiflədir və nəticədə neftə olan tələbat azalır.

"Qlobal iqtisadi aktivliyin yavaşlaması neft bazarına mənfi təsir göstərir. Digər tərəfdən, OPEC+ ölkələrinin hasilatı artırmaq qərarı bazarda əlavə təklif yaradır və bu, qiymətlərin aşağı yönlü hərəkətinə səbəb olur", – deyə "Moody’s" qeyd edib.

Agentliyin hesabatına əsasən, bu təsirlərin fonunda Brent və WTI markalı neftin qiyməti apreldə müvafiq olaraq 65 və 62 dollar səviyyəsinədək geriləyib.

"Moody’s" 2025-ci ildə də neftin qiymətinin nisbətən aşağı və dəyişkən qalacağını proqnozlaşdırır. Əgər OPEC və OPEC+ hasilat məhdudiyyətlərini mərhələli şəkildə aradan qaldırmaq siyasətini davam etdirsə, ilin ikinci yarısında bazarda neft ehtiyatlarının artacağı gözlənilir. Bu isə qiymətlərin daha da təzyiq altında qalmasına səbəb ola bilər.

Qeyd edək ki, neft qiymətlərində davam edən qeyri-sabitlik, xüsusilə enerji ixracatçısı olan ölkələrin fiskal mövqeləri və bank sektoru üçün əlavə risklər yaradır.

Fuad Mədətov
Finss.az