DÜNYA

17 Aprel

ABŞ-ın Çinə qarşı 245% tarif tətbiqi iqtisadi baxımdan mənasızdır

Finss.az - Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi, ABŞ-ın bəzi Çin məhsullarına qarşı tətbiq etdiyi 245 faizlik tariflərin iqtisadi baxımdan artıq heç bir mənası olmadığını açıqlayıb.

Diplomat, ABŞ-ın ticarət müharibəsini davam etdirməsinin heç bir qalibi olmadığını vurğulayıb.

Aprelin 15-də ABŞ Ağ Evi, ölkənin Ticarətin Genişləndirilməsi Haqqında Qanununun 232-ci bölməsinə əsasən, Çin məhsullarına qarşı tətbiq edilən tarifləri nəzərdən keçirən araşdırma ilə bağlı məlumat dərc edib. Məlumatda qeyd olunur ki, ABŞ, Çin tərəfindən tətbiq edilən tarif əks-tədbirlərinə cavab olaraq, ölkəyə idxal olunan Çin mallarına 245 faizədək rüsum tətbiq edə bilər.

Jurnalistlərin suallarını cavablandıran Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, ABŞ-ın Çin məhsullarına qarşı qeyri-adi yüksək tariflər tətbiq etməsi sadəcə iqtisadi baxımdan mənasız bir addımdır. Çinli diplomat bu tədbirləri, ABŞ-ın gömrük rüsumlarını alət və silah kimi istifadə etməyə çalışması və zorakılıq tətbiq etməsi kimi qiymətləndirib.

"Düşünürük ki, tarif və ticarət müharibələrində qalib yoxdur. Çin belə müharibələrə qarşı deyil, amma onlardan qorxmur", – deyə diplomat vurğulayıb. O, əlavə edib ki, ABŞ bu cür tariflər tətbiq etməyə davam edərsə, Çin sadəcə bunu görməzdən gələcək. Lakin ABŞ, Çinin hüquq və maraqlarına ciddi şəkildə zərər verməyə davam edərsə, Çin müvafiq əks-tədbirlər görməyə hazırdır.

Çinin Xarici İşlər Nazirliyinin nümayəndəsi, ABŞ-ın hərəkətlərini diqqətlə izləyəcək və lazım gələrsə, sona qədər mübarizə aparacaqlarını bildirib.