DÜNYA

14 Aprel

Argentina BVF ilə 20 mld. dollar dəyərində müqavilə imzaladı

Finss.az - Arqentina, yeni prezident Xavyer Mile rəhbərliyi altında Beynəlxalq Valyuta Fondu (BVF) ilə 20 milyard dollar məbləğində maliyyə müqaviləsi imzalayıb.

Müqavilə çərçivəsində ölkə 12 milyard dollar avans alacaq, eləcə də Mərkəzi Bank valyuta məzənnəsi ilə bağlı daha sərbəst tənzimləmələrə gedəcək. Yeni şərtlərə əsasən, 1 dollar 1,000-1,400 peso arasında dəyişəcək və bu interval hər ay 1% artırılacaq.

Prezident Mile, müqavilə haqqında danışarkən, «Bu dəfə hər şey fərqli olacaq. İlk dəfədir ki, BVF proqramı sabitliyə keçid deyil, artıq uğurlu iqtisadi proqramı dəstəkləyir», — deyə bildirib. Bu, Arqentina ilə BVF arasında imzalanan 23-cü müqavilədir. BVF-nin prezidenti Kristalina Georgieva, Arqentina hökumətini büdcə açığının aradan qaldırılması və davamlı islahatlar apardığı üçün təqdir edib.

Georgieva, həmçinin, müqavilənin qlobal bazar dəyişikliklərinə qarşı ehtiyat planları ehtiva etdiyini qeyd edərək, proqramın Arqentina iqtisadiyyatına davamlı artım və yüksək həyat səviyyəsi təmin edəcəyinə inandığını bildirib.

Analitiklər, müqavilənin Arqentina iqtisadiyyatı üçün müsbət siqnal olduğunu və ölkənin beynəlxalq maliyyə bazarlarına çıxışını bərpa edəcəyini qeyd edirlər. T. Rowe Price-in inkişaf edən bazarlarda qiymətli kağızlar analitiki Aaron Gifford, «Arqentina istiqrazları bu xəbərlə birlikdə artacaq, amma xarici iqtisadi şəraitin qeyri-sabitliyi səbəbindən bərpa prosesi vaxt ala bilər», — deyə bildirib.

Bu müqavilə, Arqentina üçün iqtisadi sabitlik yolunda mühüm bir addım hesab olunur.