DÜNYA

31 Yanvar

Britaniyanın Aİ-dən məhsul idxalı üçün yeni gömrük tələbləri qüvvəyə minib

Bu gündən Britaniyanın “Brexit”dən sonrakı idxal sərhəd rejiminin gecikmiş üçüncü mərhələsi qüvvəyə minəcək. 

Fins.az xəbər verir ki, bu, Britaniyanın Avropa İttifaqının vahid bazarını tərk etməsindən dörd il və Aİ-dən çıxmağa səs verməsindən doqquz il sonra baş verir. 

“Brexit”dən sonra Britaniya tədarük zəncirlərini yenidən təşkil etmək və gömrük sərhədləri qurmaq üçün mürəkkəb bir proseslə üzləşdiyindən yeni qaydaların tətbiqinə yalnız keçən il başlayıb. Yeni sərhəd modelinin birinci mərhələsi ötən ilin yanvar ayının sonunda qüvvəyə minib və bəzi mallar üçün əlavə sertifikat tələblərini əhatə edib. İkinci mərhələ isə ötən ilin aprel ayının sonunda həyata keçirilib və ət, balıq, pendir, yumurta, süd məhsulları kimi məhsullar üçün limanlarda fiziki yoxlamalar aparılmasını nəzərdə tutub. Həmçinin yeni rüsumlar tətbiq edilib. 

Bu gündən etibarən isə keçən ilin 31 oktyabr tarixindən təxirə salınmış üçüncü mərhələ qüvvəyə minib. Bu mərhələdə Aİ-dən Britaniyaya mal göndərən şirkətlərin məhsulları yeni təhlükəsizlik bəyannaməsi tələblərinə uyğun olmalıdırlar. Bu, göndərilən məhsullar haqqında daha ətraflı məlumat təqdim edilməsini tələb edir. Britaniyanın Vergilər və Gömrük Xidməti (HMRC) bildirib ki, bu məlumatların məcburi toplanması malların daha ağıllı şəkildə risk qiymətləndirilməsinə imkan verəcək və qanuni malların sərhəddə saxlanılma ehtimalını azaldacaq. Bu, həm bizneslər üçün daha az fasiləyə səbəb olacaq, həm də qanunsuz və təhlükəli malların Britaniyaya daxil olmasının qarşısını alacaq. Lakin HMRC xəbərdarlıq edib ki, bəyannamələr mallar Britaniya sərhədinə çatmazdan əvvəl təqdim edilməlidir, əks halda əlavə yoxlamalar və mümkün cərimələrlə qarşılaşa bilərlər. 

Britaniyanın iri pərakəndə satış şirkətləri və böyük Aİ ixracatçıları yeni sərhəd qaydalarının tələblərini yerinə yetirmək üçün kifayət qədər resurslara malikdirlər. Lakin kiçik pərakəndə satıcılar və topdan satıcılar bunun onlar üçün həddindən artıq çətinlik yaratdığını bildirirlər.