Moldova hökuməti NATO ilə 2025-2028-ci illər üçün Fərdi Tərəfdaşlıq Proqramını (ITPP) təsdiqləyib.
Fins.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
"Moldova milli səviyyədə kompleks yanaşma vasitəsilə hibrid çağırışların qarşısının alınmasına və onlara qarşı mübarizəyə hazır olmalıdır. Həmçinin Moldova və NATO ümumi təhlükəsizlik çağırışlarına qarşı mübarizədə əməkdaşlığı genişləndirəcək", - baş nazirin müavini, xarici işlər naziri Mixay Popşoy sənədin strateji məqsədlərindən danışarkən bildirib.
O, hökumətin iclasında proqramı təqdim edərkən sənəddə bir sıra strateji hədəflərə nail olmağın nəzərdə tutulduğunu qeyd edib: təhlükəsizlik sahəsində vəziyyət barədə məlumatlılıq və xəbərdarlıq səviyyəsinin artırılması məqsədilə siyasi dialoq və praktiki əməkdaşlığın dərinləşdirilməsi.
Moldova müdafiə və təhlükəsizlik institutlarında Avroatlantik standartlar tətbiq edəcək, müdafiə potensialını gücləndirəcək və NATO-dakı tərəfdaş və müttəfiqlərlə əməliyyat uyğunluğunu artıracaq.
M.Popşoy xüsusilə vurğulayıb ki, "proqramın həyata keçirilməsi Moldovanın neytral statusuna tam uyğundur".
ITPP - Moldova və NATO arasında qarşılıqlı münasibətlərin yeni formatıdır. Buna qədər əməkdaşlıq NATO ilə Fərdi Tərəfdaşlıq Planı (IPAP) əsasında həyata keçirilib.