ABŞ-nin maliyyə naziri Canet Yellen Çin şirkətlərini Ukrayna münaqişəsi çərçivəsində Rusiyaya maddi dəstək göstəriləcəyi təqdirdə "ciddi nəticələrlə" hədələyib.
Fins.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin açıqlamasında bildirilib.
Yellen bu mövqeyini Çin Xalq Respublikası Dövlət Şurasının baş nazirinin müavini He Lifen ilə ikitərəfli iqtisadi münasibətlərin məsuliyyətli idarə edilməsi səyləri çərçivəsində təşkil edilmiş virtual görüşdə ifadə edib.
"Nazir Yellen və baş nazirin müavini He hər iki ölkədəki makroiqtisadi dəyişiklikləri müzakirə ediblər. Onlar həmçinin keçən il birgə təsis etdikləri iqtisadi və maliyyə məsələləri üzrə işçi qruplarının fəaliyyətini nəzərdən keçiriblər", - məlumatda qeyd olunub.