DÜNYA

27 Mart

ABŞ və Türkiyə arasında dəniz yük daşımaları artıb

2025-ci ilin yanvar-fevral aylarında ABŞ-dan Türkiyə limanlarına 2 milyon 582 min 86 ton yük daşınıb.

Finss.az-ın məlumatına görə, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat verib.

Nazirlikdən verilən məlumata görə, bu dövrdə Türkiyə bayrağı altında üzən gəmilər ABŞ-dan Türkiyə limanlarına 11 min 173 ton yük daşıyıb. Eyni zamanda, digər dövlətlərin bayraqları altında üzən gəmilərlə ABŞ-dan Türkiyəyə 2 milyon 570 min 70 ton yük daşınıb.

Məlumatda bildirilib ki, bu müddət ərzində ABŞ-dan Türkiyəyə ABŞ bayrağı altında üzən gəmilərlə 843 ton yük çatdırılıb.

Bundan əlavə, 2025-ci ilin yanvar-fevral aylarında İrandan Türkiyə limanlarına 84 min 352 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2025-ci ilin fevral ayında Türkiyə limanları ümumilikdə 30 milyon 855 min 73 ton yük qəbul edib. Bu dövr ərzində Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara 2 milyon 360 min 170 ton yük qəbulu baş tutub. Digər ölkələrin bayraqları altında gəmilərlə daşınan yük isə 28 milyon 494 min 852 ton təşkil edib.

Məlumatda əlavə olunub ki, 2025-ci ilin fevral ayında Türkiyə limanlarından 5 milyon 17 min 716 ton transit yük daşınıb. Bu dövrdə Türkiyə limanları 3 min 878 gəmi qəbul edib, bunlardan 2 min 646-ı Türkiyə bayrağı altında, 1 min 232-si isə digər ölkələrin bayraqları altında olub. 2024-cü ilin fevral ayında isə Türkiyə limanları 4 min 352 gəmi qəbul etmişdi.