Co Bayden administrasiyası Rusiyanın neft ixracına qarşı yeni sərt sanksiyalar paketi hazırlayır.
Vesti.az-ın dünya mətbuatına istinadən verdiyi xəbərə görə, əsas zərbə Rusiya neftinin barreli 60 dollardan yuxarı qiymətə daşıyan tankerlərə dəyəcək.
Fins.az xəbər verir ki, sanksiyalar neftin müəyyən edilmiş həddən yuxarı daşınması və satışı ilə məşğul olan şirkətlərə və şəxslərə təsir edəcək. Agentliyin həmsöhbətlərindən biri bunu “kütləvi məhdudiyyətlər paketi” adlandırıb. Ekspertlər qeyd edirlər ki, Bayden administrasiyası sanksiyalar təzyiqi strategiyasına yenidən baxa biləcək Donald Trampın andiçmə mərasimindən əvvəl Rusiyaya iqtisadi təzyiqləri artırmağa çalışır.
Bundan əvvəl, dekabrın 11-də Bloomberg agentliyi Vaşinqtonun enerji qiymətlərinin artımı qorxusuna baxmayaraq, Rusiya neftinin ixracına nəzarəti gücləndirmək planları barədə məlumat vermişdi. Lakin neftin qiymətinin aşağı düşməsi Ağ Evə daha aqressiv hərəkət etmək imkanı verdi.
Dekabrın 16-da isə Avropa İttifaqının xarici işlər nazirləri Rusiyaya qarşı 15-ci sanksiyalar paketini, o cümlədən Avropa limanlarına və dəniz xidmətlərinə çıxışı qadağan olunmuş siyahıda 54 fiziki şəxs, 30 təşkilat və 52 gəmini təsdiqləyiblər.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu məhdudiyyətləri “qanunsuz” adlandırıb və qlobal enerji təhlükəsizliyinə təhlükə barədə xəbərdarlıq edib.
Kaira Agayeva
Fins.az