Fins.az - Gürcüstanın Baş naziri İrakli Kobaxidze Amerika Birləşmiş Ştatlarının Gürcü Arzusu Partiyasının qurucusu Bidzina İvanişviliyə tətbiq etdiyi sanksiyalara etiraz edib.
O, ABŞ Dövlət Departamentinin gürcü milyarder İvanişvilini “Rusiyanın xeyrinə ölkənin gələcəyini baltaladığı” iddiası ilə sanksiya siyahısına daxil etməsi qərarını tənqid edib. Kobaxidze bildirib ki, İvanişvili Gürcüstanın milli dəyərlərini müdafiə etdiyi üçün hədəfə alınıb.
ABŞ Dövlət Departamenti Gürcüstanda hakimiyyətdə olan Gürcü Arzusu Partiyasının qurucusu və fəxri sədri İvanişvilini sanksiya siyahısına daxil etmişdi. Avropa İttifaqı (Aİ), ABŞ, hazırkı Gürcüstan prezidenti Salome Zurabişvili və müxalifət partiyaları hakimiyyətdəki Gürcü Arzusu Partiyasının seçildiyi parlament seçkilərini tanımır və hökumətin Aİ-yə qoşulma danışıqlarını dayandırmasına etiraz edirlər.
Zurabişvili vəzifəsini Gürcüstanın yeni prezidenti seçilən Mixeil Kavelaşviliyə 29 dekabrda təhvil verməlidir, lakin seçkiləri tanımadığı üçün vəzifəsindən ayrılmayacağını bildirib.
Gürcüstanın baş naziri Kobaxidzenin hökuməti isə Qərbin dəstəklədiyi bəzi qüvvələri, Zurabişvilini və müxalifəti kütləvi etiraz aksiyaları ilə hökuməti devirməyə cəhd etməkdə ittiham edir.
ABŞ və bəzi Avropa ölkələri də Gürcüstan hökumətinin rəsmilərinə qarşı sanksiyalar tətbiq edib. Qeyd edək ki, Gürcüstanda 28 noyabrda başlayan Aİ tərəfdarı etiraz aksiyaları 30 gündür davam edir.